Yuxarı
    Bağlamaq

    Parisdə ADR-in 100 illiyinə həsr olunmuş konfrans keçirilib

    © Report

    Paris. 5 may. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib.

    "Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutu və Araşdırma və Strateji Perspektiv Mərkəzi tərəfindən təşkil edilmiş konfransda 1918-2018-ci illər ərzində Paris-Bakı arasında tarixi oxşarlıqlar və qarşılıqlı konstitusional təsirlərdən danışılıb.

    Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanüel Düpüy, AMEA-nın Şərqi Araşdırmalar İnstitutu Elmi Komitəsinin direktoru, professor Solmaz Rüstəmova-Tohidi, fransalı professor və akademiklər, jurnalistlər və digər şəxslər iştirak ediblər.

    Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov tədbir iştirakçılarına ADR, onun varisləri, Azərbaycan dövlətçiliyinin yaranması və inkişafı haqqında ətraflı məlumat verib.

    Paris Descartes-Sorbonne Universitetinin professoru, Avropa Şurası yanında ekspert Tyeri Rambo Azərbaycan və Fransa Konstitusiya tarixindəki oxşarlıqlardan danışaraq bildirib ki, Azərbaycanda Parlamentin və Prezidentin səlahiyyətləri bir-birini tamamlamaqla Fransa modelinə bənzəyir və bu modelə tam uyğun bir şəkildə təşkil edilib.

    Azərbaycanın heç bir müharibədə iştirak etmədiyini, lakin bununla belə bir sıra sülh naminə keçirilən konfranslarda və sülh müqavilələrinin imzalanmasında iştirak etdiyini vurğulayan Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanüel Düpüy, Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisdə Sülh Konfransında iştirak etmək üçün gəlmiş Azərbaycan Demokratik Cumhuriyyətinin nümayəndə heyətinin fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

    Tədbirdə fransalı professorların "Azərbaycan Cənubi Qafqazda lider dövlət", "1918-2018-ci illərdə mürəkkəb avro-Qafqaz geo-politikası" və digər mövzularda müzakirələri də dinlənilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi