Türkiyənin Cem Vəqfinin qurucusu: "Heydər Əliyev mənə dedi ki, Nəsimi kimdirsə, biz də eyni insanlarıq” - MÜSAHİBƏ

Türkiyənin Cem Vəqfinin qurucusu: "Heydər Əliyev mənə dedi ki, Nəsimi kimdirsə, biz də eyni insanlarıq” - MÜSAHİBƏ “Biz öz televiziya kanalımızda “Nəsimi ili”ni təbliğ edəcəyik”
Xarici siyasət
16 Yanvar , 2019 10:08
Türkiyənin Cem Vəqfinin qurucusu: Heydər Əliyev mənə dedi ki, Nəsimi kimdirsə, biz də eyni insanlarıq” - MÜSAHİBƏ
Türkiyənin Cem Vəqfinin qurucusu və fəxri sədri, professor İzəddin Doğan / Report
0 : 00
0 : 00

İstanbul. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Cem Vəqfinin qurucusu və fəxri sədri, professor İzəddin Doğanın “Report”un bu ölkədəki bürosuna müsahibəsi.

- Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ili ölkədə “Nəsimi ili” elan etdi. Qərarı necə dəyərləndirirsiniz?

- Fövqəladə dərəcədə yerində verilmiş qərardır. Qərar bu düşüncənin ifadəsidir: rəhmətlik Heydər Əliyevdən sonra onun dinə və klassik ədəbiyyata olan münasibəti uğurlu şəkildə davam etdirilir. Mərhum Heydər Əliyev ilə Bakıda görüşəndə mənə demişdi ki, bizdə hələ də bəzi bölgələrdə “Səma mərasimləri” var. Dedi ki, 70 illik sovet dövründə dini bizə qadağan etmişdilər. Ələvi, sünni, şafi - bunlarla bağlı geniş məlumatımız yox idi. Ancaq bunu bilirdik: Nəsimi, Füzuli, Abdal Musa kimdirsə - biz də onlardanıq. Bu, çox səmimi açıqlama idi.

- Bakıya nə məqsədlə getmişdiniz?

- Bizi Bakıya mərhum Ecevit göndərmişdi. Mədəniyyət naziri İstemihan Talay məndən arxada gəlirdi. Dedim ki, sən dövləti təmsil edirsən, qabağa keç. Dedi ki, sən bu işlərə qarışma, qabaqda sən getməlisən (gülür). Baş nazir Ecevit bildirdi ki, rəhmətlik Özal “Azərbaycanlılar şiə, biz sünniyik” deyib. Ona görə aramızda soyuqluq ola bilər. Sən ələvilərin liderisən. Bakıya gedib Prezident Heydər Əliyev ilə bu məsələlər barədə ətraflı danışmağını xahiş edirəm. “Mənim üçün şərəfdir” dedim. Mədəniyyət nazirinə təlimat verdi ki, İzəddin xoca ilə sən də get. Mərhum Heydər Əliyev ilə tanış deyildik, bir-birimizə sarıldıq. Onun yanında Türkiyənin Bakıdakı səfiri Kadri Ecvet Tezcan da var idi. Dediyi ilk söz “Nəsimi kimdirsə, biz də eyni insanlarıq” olmuşdu. Yəni, söhbətimizə doğru kanaldan başladı. Üç gün orada mərhum Heydər Əliyevin qonağı olduq.

- Nəsimi barədə filmi də özü çəkdirmişdi. “Məhşər” romanı dünya ədəbiyyatının ən yaxşı örnəklərindən biridir. İsa Hüseynovla dost idilər. Heydər Əliyev bu işlərə həm dövlət adamı, həm də könül adamı kimi yanaşırdı...

- İrəlini çox yaxşı görürdü. Marksist cəmiyyətdən sonra dini məsələləri həssaslıqla tarazlamaq hər dövlət adamının işi deyildi. Heydər Əliyev bunu çox yaxşı bacardı. Sosialist inqilabından sonra milyonlarla insan ölmüşdü. Azərbaycan müstəqil olandan sonra Heydər Əliyev qansız-qadasız bu işlərin hamısını yerbəyer etdi. O vaxtkı mədəniyyət naziri Polad Bülbüloğluna təlimat verib dedi ki, xocam nə desə, mənim sözüm kimi qəbul edəcəksən. “Sizə nə lazım olsa, biz həmişə əlimizdən gələni edəcəyik” dedi.

- Azərbaycan Prezidentinin qəbul etdiyi qərara uyğun olaraq, 2019-cu ildə siz hansı tədbirləri keçirməyi düşünürsünüz? Yenə Azərbaycana gedəcəksinizmi?

- Mən hər cür dəstək verməyə hazıram. Prezident İlham Əliyevin qərarı təkcə müsəlman ölkələrində yox, xristian ölkələrində də Nəsiminin adına layiq şəkildə həyata keçirilməlidir. Bizim düşüncəmiz budur. Tanrı deyir ki, mən hamınızı ayrı-ayrı yaratdım. İstəsəydim, hamınızı tək tipli yaradardım. Quranın əmri də budur. “Nəsimi ili”ndə ən böyük arzum onun dünya miqyasına çıxarılmasıdır. Hazırda Türkiyədə Yunus Əmrə ön plandadır...

- Son illərdə keçirilən konfranslarda Yunusu da “sünni” etməyə çalışırlar...

- Danışanda dillərindən Yunus Əmrə, Hacı Bəktaşi Vəli düşmür. Ancaq onların fikirlərinə əməl etmirlər. Nəsiminin adının olduğu yerdə bəşəriyyətin hər bir övladı öz üstünə düşən vəzifəni yerinə yetirməlidir. Televiziya kanalımız əmrinizdədir, Nəsimi ilə bağlı silsilə verilişlər hazırlamaq istəsəniz, məmnuniyyətlə əlimizdən gələn köməyi edəcəyik. Mərhum professor Oqtay Əfəndiyevi Türkiyəyə mən gətirmişdim. Lazımi maddi dəstəyi verərək Şah İsmayıla dair kitab yazmasını istəmişdim. O kitabı Əfəndyevə yazdıra bilmədik, 50-60 səhifə yazandan sonra dünyasını dəyişdi. Azərbaycanda Nəsimiyə dair yazılan yaxşı kitabları da Türkiyədə biz çap etmək istəyərdik.

- Mərhum professor Cahangir Qəhrəmanovun ömrünü sərf edərək yazdığı “Nəsimi divanının leksikası” əsərini təklif edə bilərəm. Nəsimiyə dair başqa qiymətli əsərlər də var.

- Televiziya proqramlarımızda o kitabların reklamlarını verərik.

- Nəsiminin Türkiyədə tanınmasında mərhumə İren Melikoffun böyük rolu oldu. Onun kitabını da çap etməyiniz yaxşı olardı..

- İren Melikoff Türkiyəyə gələndə mənimlə görüşərdi. Aramızda umu - küsülük olmuşdu, ancaq günah məndə deyildi. İren xanım ələviliyin XVİ əsrdən sonra meydana çıxdığını iddia edirdi. Elə şey olarmı?

- Nəsiminin Hələbdəki məzarı ilə indiyə qədər maraqlandınızmı? Suriyada vəziyyət normallaşarsa, “Nəsimi ili”ndə şairin Hələbdəki məzarını yenidən düzəltdirməyə təşəbbüs edərsinizmi?

- Təbii ki, olar. Sistem dəyişməsəydi, keçmiş Baş nazir Binali bəylə bütün bunlar barədə ətraflı danışmışdıq. Məni görməyə gəlmişdi. Ona demişdim ki, bölgə ölkələrinin bütün sahələrdə əməkdaşlığı lazımdır. O ölkələrin arasında bizim ən təbii qardaşımız Azərbaycandır. “Nəsimi” filmini alt yazı tərcüməsi ilə TV kanalımızda məmnuniyyətlə verərik. Lütfən, bu dərin mənalı materialları əldə etmək üçün bizə kömək edin. Nəsimiyə dair bu mühüm qərarına görə, hamımızın Prezident İlham Əliyevə təşəkkür borcumuz var. Bizim vəzifəmiz 2019-cu ilin hər həftəsində Nəsimi ilə bağlı mənalı tədbirlər keçirmək olmalıdır. Hörmətli İlham Əliyevin qərarının Türkiyə üçün də nə qədər böyük əhəmiyyət kəsb etdiyini bu il hamımız görəcəyik. Televiziya kanalımıza elə indi təlimat verəcəyəm. Lütfən, bizimlə əlaqənizi gücləndirin, “Nəsimi ili”ni bəşəri səviyyədə və o böyük insanın adına layiq keçirək.

Mais Əlizadə

Son xəbərlər

Orphus sistemi