Yuxarı

İsveçrə Kantonlar Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

İsveçrə Kantonlar Şurasının prezidenti Azərbaycana rəsmi səfər edəcək

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye oktyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Jan-Rene Furniye səfərin məqsədinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafı ilə bağlı müzakirələrin aparılması olduğunu deyib. O qeyd edib ki, İsveçrə ilə Azərbaycan arasında çoxillik tarixə malik əlaqələr qarşılıqlı inama və hörmətə əsaslanır. Əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmaq üçün çalışırıq. Regionun inkişafında Azərbaycanın rolu böyükdür. Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək üçün göstərdiyi səyləri qiymətləndiririk. Azərbaycan və İsveçrə prezidentləri hər il Davosda görüşürlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin, xüsusilə də parlamentlərarası münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətlidir. Bu səfər zamanı keçiriləcək görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılacaq.


*** 11:57

İsveçrənin Kantonlar Şurasının (parlamentin yuxarı palatası) prezidenti Jan-Rene Furniye oktyabrın 8-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə "Report" İsveçrənin Federal Məclisinin saytına istinadən xəbər verir.

Məlumata görə, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədov, Xarici İşlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşlər keçirilməsi planlaşdırılır.

Tərəflər Çin və Avropa arasındakı İpək Yolunun "mərkəzi dəhlizi" kimi Azərbaycanın strateji coğrafi vəziyyətini müzakirə etmək niyyətindədirlər.

Azərbaycanda olduğu müddətdə Jan-Rene Furniye sosial aztəminatlı qadınların əmək bazarına girişlərinə yardım edən İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən mərkəzə baş çəkmək niyyətindədir. Səfər proqramına həmçinin İsveçrənin HOLCIM və SIKA şirkətlərinin Azərbaycandakı istehsal obyektlərinə ziyarət də daxildir.

Səfər oktyabrın 11-də başa çatacaq.

Bundan sonra İsveçrə Kantonlar Şurasının prezidenti Rusiyaya səfər edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi