Yuxarı

İndoneziya səfiri: "Azərbaycan bizim üçün qardaş ölkədir" - FOTO

İndoneziya səfiri: "Azərbaycan bizim üçün qardaş ölkədir" - FOTO
Yaxın vaxtlarda Bakıda azərbaycanlı qaçqınların iştirak edəcəyi İndoneziya Mədəniyyəti Festivalı keçiriləcək

Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda İndoneziyanın müstəqilliyinin elan edilməsinin 72 illiyi ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirinin iqamətgahında dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirin əvvəlində İndoneziyanın dövlət himni səslənib.

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani çıxış edərək, ölkəsinin və xalqının azadlıq mübarizəsindən, eləcə də müstəqilliyin və birliyin qorunmasının əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, Azərbaycan İndoneziya üçün qardaş ölkədir və Azərbaycan paytaxtında belə tədbirin keçirilməsi onlar üçün böyük fəxrdir.

İkitərəfli əlaqələr barədə danışan səfir bu münasibətlərin ildən-ilə inkişaf etdiyini vurğulayıb.

H.B.Fanani həmçinin bu il gözlənilən yüksək səviyyəli səfər barədə danışıb və onların cari ildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Diplomat yaxın zamanlarda Bakıda İndoneziya Mədəniyyəti Festivalının keçiriləcəyini xatırladıb. O, dünən Azərbaycan baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşdüyünü və bu festivalda azərbaycanlı qaçqınların da iştirakı ilə bağlı razılıq əldə olunduğunu qeyd edib.

Tədbir çərçivəsində həmçinin İndoneziya səfirliyi tərəfindən təşkil edilən müsabiqə qaliblərinin, eləcə də Azərbaycan Dillər Universitetinin İndoneziya dilini öyrənən tələbələrinin mükafatlandırılması mərasimi keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi