Yuxarı

Azərbaycanın xarici dövlətlərdə 59 səfirliyi fəaliyyət göstərir

Elmar Məmmədyarov

"Azərbaycan qonşu və uzaq dövlətlərlə tərəfdaşlıq münasibətlərini müvəffəqiyyətlə inkişaf etdirərək, üçtərəfli və dördtərəfli əsaslarda yeni əməkdaşlıq çərçivələrinin əsasını qoyub və dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçid almasını təmin edib".

"Report" xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsində çıxışı zamanı deyib.

O bildirib ki, ötən müşavirədən keçən dövr ərzində Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikası və İraq Respublikasında səfirlikləri, Kolumbiya, Çili, Uruqvay və Peruda diplomatik ofisləri açılıb, Avstriya, Sudan, Cibuti, Paraqvay, İtaliya və Maltada yeni fəxri konsulluqları fəaliyyətə başlayıb. 

Nazir qeyd edib ki, Azərbaycanda isə Peru, Kosta-Rika, Meksika, Venesuela və Çilinin səfirlikləri, Əlcəzair, Portuqaliya, Xorvatiya, Estoniya və Monteneqronun diplomatik ofisləri, həmçinin San Marino, Sloveniya, Makedoniya və Efiopiyanın fəxri konsulluqları açılıb: "Azərbaycan Respublikası ilə Tanzaniya Respublikası, Vanuatu Respublikası, Baham Adaları Birliyi, Samoa Dövləti, Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub. Hazırda Azərbaycan Respublikasının xarici dövlətlərdə 59 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 Baş konsulluğu, 11 təmsilçilik ofisi və 15 fəxri konsulluğu fəaliyyət göstərir. Ölkəmizdə isə 66 dövlətin səfirliyi, 4 Baş konsulluq, 13 fəxri konsulluq və 22 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bundan sonra da beynəlxalq münasibətlər sistemində Azərbaycanın dövlət maraqları və milli mənafeyinin layiqincə qorunması və təmin olunması istiqamətində müstəqil və çevik xarici siyasət fəaliyyətini davam etdirəcəkdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir".

XİN başçısı vurğulayıb ki, vaxtilə ümummilli lider Heydər Əliyevin söylədiyi: "Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir" fikri tərəfinizdən apardığınız uzaqgörən siyasət nəticəsində artıq özünü tam doğrultmuşdur: "Bu gün Azərbaycan bölgənin qabaqcıl dövləti qismində dünyada öz layiqli yerini tutmuşdur və hər bir azərbaycanlı öz dövləti və milli mənsubiyyəti ilə iftixar hissi duyur. Əminəm ki, Azərbaycan diplomatları tarixi irsimizə sədaqətləri ilə 100 illik Azərbaycan diplomatiyasının şərəfini bundan sonra da layiqincə davam etdirəcək, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsi və irəlilədilməsi istiqamətində səylərini daha da artıracaqlar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi