Yuxarı

Elmar Məmmədyarov: "ÜTT Azərbaycanın işğal altındakı ərazilərinə turist səfərlərinin qarşısını almaq üçün səylərini artırmalıdır"

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Polokilaşvilini qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi ilə əlaqədar ölkəmizə səfər etdiyini bildirən ÜTT baş katibi Azərbaycanda olmasından məmnunluğunu bildirib.

Z.Polokilaşvili ölkəmizdə turizmin inkişafı üçün əlverişli imkanların və infrastrukturun olduğunu bildirərək son dövrlər ölkəmizi ziyarət edən turistlərin sayında artımın bunun bariz nümunəsi olduğunu xüsusilə qeyd edib.

Söhbət zamanı regionda turizm marşrutlarının inkişaf etdirilməsi məsələsinə toxunulub və Baku-Tbilisi-Qars dəmir-yol xəttinin turizm axınına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Nazir Elmar Məmmədyarov işğal olunmuş ərazilərin turizm məqsədilə təbliğatının aparılmasının ÜTT-nin müvafiq sənədlərində yolverilməz olduğunun əks edildiyini bildirərək Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində turist səfərlərinin təşkil edilməsi və həyata keçirilməsinin ÜTT-nin təməl prinsipləri ilə uzlaşmadığını xüsusilə vurğulayıb və bu kimi halların qarşısının alınması üçün səylərin artırılmasını deyib.

Həmçinin tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi