Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının yeni təyin edilmiş müvəqqəti işlər vəkili xanım Marta İnes Qalindo Penyanı qəbul edib.
Nazirlikdən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Marta İnes Qalinda Penyanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib və Azərbaycan və Kolumbiya arasındakı əməkdaşlığın dərinləşməsi istiqamətindəki gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycanın Latın Amerikası regionu ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirərək, bu baxımdan diplomatik missiyaların fəaliyyətinin önəmini qeyd edib.
Xanım Marta İnes Qalinda Penya fəaliyyəti dövründə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə həmçinin yaxın vaxtlarda iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsi və Kolumbiya tərəfindən Bakıda təşkil olunan ispan dili kurslarının davam etdirilməsinin vacibliyi qeyd olunub.