Yuxarı

Prezident İlham Əliyev: "Azərbaycan çalışır ki, müsəlman aləmində birlik möhkəmlənsin, güclənsin"

Biz istəyirik ki, bu ailədə əmin-amanlıq, inkişaf olsun, müharibələrə, münaqişələrə son qoyulsun
© Azertag.az

Bakı. 18 mart. REPORT.AZ/ "Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir".

"Report"un məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, son iki ay ərzində 7 dəfə xaricə səfər edib: "Yanvar ayının ortalarından bu günə qədər mənim xarici səfərlərimin coğrafiyasına nəzər salsaq görərik ki, Azərbaycan çoxşaxəli və uğurlu xarici siyasət aparır. Azərbaycan dünyanın aparıcı, ən mötəbər Davos Forumunda və Münxen Konfransında ləyaqətlə təmsil olunub. Dünyanın həm biznes, həm də siyasi elitasından bizə olan hörmət göz qabağındadır. Avropa Komissiyasına mənim uğurlu səfərim olubdur. Bu səfər nəticəsində Avropa Komissiyası ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara start verildi". 

Prezident İlham Əliyev qeyd edib ki, bu da nadir hadisədir: "Bu danışıqların aparılması üçün layihəni Azərbaycan təqdim edib və bu layihə qəbul edilibdir. Ümid edirəm ki, yaxın zamanlarda danışıqlarda fəal proses başlanacaq və tezliklə bu mühüm saziş bağlanacaq. Qətərə, Pakistana, İran İslam Respublikasına mənim rəsmi səfərlərim olubdur. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz möhkəmlənir. Xalqımız yaxşı bilir ki, Azərbaycan İslam həmrəyliyi üçün çox böyük işlər görür, çox böyük töhfələr verir. Bunu İslam aləmi qiymətləndirir. İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri dəfələrlə bizim siyasətimizə ən yüksək qiymət vermişlər. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə fəal iştirak edib. Biz son 5 ildə bu təşkilata uğurlu sədrlik etmişik. Bu yaxınlarda Fransaya rəsmi səfərim də çox uğurlu keçdi. Fransa dünyanın aparıcı ölkələrindən biridir və mənim səfərimi izləyən vətəndaşlar gördülər ki, ölkəmizə çox böyük hörmət, çox böyük maraq var. Biz həm siyasi, həm iqtisadi, həm enerji sahələrində və digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb". 

"Biz bu il İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu, növbəti dəfə ölkəmizin potensialını göstərəcək və eyni zamanda, İslam həmrəyliyinə də növbəti töhfəmiz olacaq. Çünki buna böyük ehtiyac var. Bu Oyunlar təkcə idman yarışı deyil. Bu Oyunlar bütün İslam aləmini bir araya gətirəcək. Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri arasında münasibətlər, yumşaq desək, lazımi səviyyədə deyil. Azərbaycan isə çalışır ki, müsəlman aləmində birlik möhkəmlənsin, güclənsin. Bu, bizim ailəmizdir. Biz bu ailənin üzvüyük. Ona görə, biz istəyirik ki, bu ailədə əmin-amanlıq, inkişaf olsun, müharibələrə, münaqişələrə son qoyulsun", - deyə dövlət başçısı vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi