​Siyavuş Novruzov: "Əmək haqqına ayrılan vəsait artırılmalıdır"

​Siyavuş Novruzov: "Əmək haqqına ayrılan vəsait artırılmalıdır" "Cəbhəboyu ərazilərdə xidmət edən əsgərlərin maaşı niyə artırılmasın?"
Daxili siyasət
14 İyun , 2016 15:59
​Siyavuş Novruzov: Əmək haqqına ayrılan vəsait artırılmalıdır

Bakı. 14 iyun. REPORT.AZ/ "Əgər şəffaflıqdan danışırıqsa, büdcədənkənar vəsait anlayışını başa düşə bilmirəm. İşçinin sosial vəziyyətini yaxşılaşdırmaq istəyiriksə, bunu dövlət büdcəsinə daxil etməliyik".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Aazərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Komitə sədri qeyd edib ki, müxtəlif dövlət qurumlarının büdcəsi, eləcə də əmək haqqına ayrılan vəsait artırılmalıdır: "Çünki büdcədənkənar vəsaitləri nə Hesablama Palatası, nə də digər dövlət qurumları yoxlaya bilmir. Hətta onların işi məhdud olur. Hardan bilimək olar ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərdən sonra kimlər nə qədər mənfəət götürür. Buna kim zəmanət verə bilər? Ziyad Səmədzadə buna zəmanət verə bilərmi? Burada tərəfkeşlik, ayrı-seçkilik nə dərəcədə tənzimlənəcək? Hazırda bu rəqəm 25 faizdir, indi isə biz bunu 50 faiz edirik. Gələcəkdə bu, 100 ediləcək. Belə çıxır ki, insanlar qazandıqları pulu yalnız vergi işçilərinin əmək haqqının artırılmasına verməlidir. Bu cür yanaşma düzgün deyil".

"Birdə görürsən regionlarda hansısa abadlıq işi aparılanda deyirlər ki, büdcədənkənar vəsait hesabına həyata keçirmişik. A kişi göydən dollar, manat yağır? Prezidentin ehtiyat fondu var və ənənəvi şəkildə regionlara maliyyə vəsaitləri ayrılır. Həmin pullar da büdcədə nəzərdə tutulmuş vəsaitdir. Hər şeyin hesabı-kitabı var. Ümumiyyətlə, bu cür yanaşmalar aradan qaldırılmalıdır. Daxil olan bütün vəsaitlər dövlət büdcəsinə köçürülməlidir. Cəbhəboyu ərazilərdə xidmət edən əsgərlərin maaşı niyə artırılmasın? Halbuki onlar yağışda, boranda vətənin keşiyində dururlar. Ancaq maliyyə sanksiyası tətbiq edilə bilmədiyindən onun sosial təminatı yaxşılaşmır", - deyə S.Novruzov əlavə edib.

Komitə sədri bildirib ki, bu kimi məsələləri həyata keçirəndə bunu aidiyyəti qurumlarla razılaşdırıb sonra tətbiq etmək lazımdır: "Hansı xarici ölkənin təcrübəsində belə bir yanaşma var? Özümüzdən Amerika kəşf etməli deyilik. Sanksiyaların tətbiq edilməsinə qarşı deyiləm. Sadəcə istərdim ki, bütün əldə olunan vəsaitlər dövlət büdcəsinə daxil olsun. Yalnız bundan sonra şəffaflıqdan danışmaq olar. Əks təqdirdə biz rüşvətxorluq mənbəyi yaradırıq".

Son xəbərlər

Orphus sistemi