Yuxarı

Qaçqınkom sədri məcburi köçkünlərin statusunun ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib

Qaçqınkom sədri məcburi köçkünlərin statusunun ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib
Əli Həsənov: “Son günlər qaçqın və məcburi köçkünlərə hücumlar artıb, amma bunun səbəbini bilmirəm”

Bakı. 7 dekabr. REPORT.AZ/ “Qaçqın və məcburi köçkünlərin problemləri Prezident İlham Əliyevin diqqət mərkəzindədir”.

“Report”un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, son 25 ildə qaçqın və məcburi köçkünlərin hüquqları bir dəfə olsun pozulmayıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, son 23 ildə məcburi köçkünlərin problemlərinin həllinə 6,1 milyard vəsait sərf olunub, 95 müasir qəsəbə salınıb: "Bakıda məcburi köçkünlərin yaşadığı 155 yarımtikili, pansionat var, onlardan 51-nin qəzalı olması ilə bağlı rəy verilib". 

Ə.Həsənov deyib ki, deputatların qaçqın statusunun ləğv edilməsi ilə bağlı təklifi narazılıq yaradıb: “Kimsə məlumatlı deyilsə, o zaman danışmamalıdır, ya da araşdırıb danışmalıdır. Son günlər qaçqın və məcburi köçkünlərə təzyiqlər artıb. Bunun səbəbini bilmirəm. Qaçqın və məcburi köçkünlər xalqın ən həssas təbəqsidir. Status məsələsi dövlətin daxili işidir. Heç bir dövlət deyə bilməz ki, onlara niyə bu status verilib. Biz necə Ermənistan mətbuatını izləyirik, onlar da Azərbaycan mətbuatını izləyirlər. Sonra onlar deyəcəklər ki, Azərbaycanda vəziyyət belədir. Bizim qaçqın və məcburi köçkünlərə edilən kömək bizim torpaq həsrətini azalda bilməz”.

Onun sözlərinə görə, məcburi köçkünlərlə bağlı yeni qərar qəbul olunacaq: "Amma bu qərarların qəbulu ölkədəki maliyyə çətinliyi ilə əlaqəsi yoxdur. Məqsəd bu insanları müstəqil həyat tərzinə uyğunlaşdırmaqdır. Biz bu insanları müstəqil həyat tərzinə alışdırmalıyıq. Sabah torpaqlar azad olunduqda həmin insanlar öz yurdlarına qayıdacaqlar. İndidən adaptasiya prosesini keçməlidirlər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi