Prezident İlham Əliyev: "Azərbaycanın gələcəyini çox parlaq görürəm"

Prezident İlham Əliyev: "Azərbaycanın gələcəyini çox parlaq görürəm" "Bu gün dünyada terrorizm, ekstremizm, radikalizm meyilləri baş alıb gedir"
Daxili siyasət
13 İyul , 2015 17:32
Prezident İlham Əliyev: Azərbaycanın gələcəyini çox parlaq görürəm

Bakı. 13 iyul. REPORT.AZ/ "Azərbaycan gəncləri vətənpərvərdir, biliklidir, savadlıdır. Birinci Avropa Oyunları bunu bir daha göstərdi". "Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftar süfrəsində çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Oyunlarda iyirmi minə yaxın könüllü iştirak edib: "Onlar təmənnasız iştirak ediblər, gecə-gündüz, səhərdən axşama qədər çalışıblar. Azərbaycan gəncliyi budur. Bilikli, xarici dili bilən, savadlı, peşəkar, mədəni, gözəl gənclərdir. Onların hər birinə artıq mənim adımdan və Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından təşəkkürnamə sertifikatı verilməyə başlanıb. Onlar buna layiqdirlər. Bizim gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidirlər, eyni zamanda, savadlı, bilikli olmalıdırlar".

Prezident İlham Əliyev həmçinin əlavə edib ki, Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir: "Ancaq əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür, bu dözülməzdir. Bugünkü dünyada proseslər daha çox mənfi istiqamətdə gedir. Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. 

Bir daha demək istəyirəm ki, Azərbaycanın gələcək uğurlu inkişafı məhz bu istiqamətdə ola bilər. Biz heç vaxt imkan verə bilmərik ki, hansısa kənar bir qüvvə Azərbaycanda dini, yaxud da ki, milli zəmində nifaq toxumlarını səpsin. Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və Azərbaycan reallıqları bunu əyani şəkildə göstərir. Biz Azərbaycanda əlbəttə ki, bu işləri ən yüksək səviyyədə tənzimləmişik. Bizim gələcək inkişafımız uğurla davam etdiriləcək. Ancaq biz istəyirik ki, hər yerdə belə olsun. Əgər hər yerdə belə olarsa, o zaman dini zəmində qarşıdurmalar da olmayacaq, qan tökülməyəcək və insanlar yaradıcılıqla məşğul olacaq, öz həyatlarını quracaq, ailələrinə diqqət yetirəcəklər. Ona görə Azərbaycanda multikulturalizmlə, dinlərarası dialoqla bağlı keçirilən tədbirlərin çox böyük mənası var.

Bu gün dünyada terrorizm, ekstremizm, radikalizm meyilləri baş alıb gedir: "Hər yerdə - Yaxın Şərqdə, Avropanın özündə, müxtəlif yerlərdə. Bunun təzahürləri fərqli ola bilər. Ancaq mahiyyət etibarilə bu, necə deyərlər, bir anlayışdır. Buna qarşı ən gözəl sığorta, ən gözəl sədd təhsildir. Bilikli, savadlı insan çox nadir hallarda yolunu aza bilər. Savadsız insanların beynini zəhərləmək asandır. Ona görə bizim gənclər savadlı, biliklidirlər. Biz bunu təqdirlə qeyd edirik və bizim siyasətimiz bundan sonra bu istiqamətdə davam etdiriləcək. Burada həm dövlət qurumları, həm dini qurumlar yenə də bir yerdə olmalıdır. Azərbaycanda həm ali, həm orta məktəblərdə, eyni zamanda, dini təhsil yüksək səviyyədə olmalıdır. Azərbaycan dövləti bu istiqamətdə bütün lazımi tədbirləri görür və görəcək".

"Bir sözlə, əziz dostlar, bugünkü iftar məclisində biz bir daha ürək sözlərimizi ifadə edirik. Ölkəmizin gələcəyi ilə bağlı fikirlərimizi bildiririk. Qeyd etməliyəm ki, mən Azərbaycanın gələcəyini çox parlaq görürəm. Çünki biz haqq yolundayıq, ədalət yolundayıq. Azərbaycanda ictimai-siyasi vəziyyət çox sabitdir. Xalqla iqtidar arasındakı birlik bizi daha da gücləndirir. Heç bir qüvvə bizim uğurlu yolumuza təsir edə bilməz"- dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi