Yuxarı

Azərbaycanda qaçqın statusu verilən əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri müzakirə edilib

Azərbaycanda qaçqın statusu verilən əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri müzakirə edilib

Bakı. 22 may. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətində Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri müzakirə edilib.

Xidmətdən "Report"a verilən məlumata görə, iclasda Dövlət Miqrasiya Xidmətinin (DMX) rəhbərliyi, qaçqınların problemləri ilə əlaqəli olan müxtəlif dövlət qurumlarının məsul əməkdaşları ilə yanaşı, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, "Azərbaycanla mobillik naminə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin Milli Koordinatoru və DMX yanında İctimai Şuranın üzvü iştirak edib.

Toplantının məqsədi qaçqın statusu verilmiş şəxslərin Azərbaycanda olacaqları müddət ərzində onlara yaradılmış münbit şəraitin daha da təkmilləşdirilməsi, mövcud qanunvericilik aktlarında və beynəlxalq konvensiyalarda əksini tapmış sosial-iqtisadi və insan hüquqlarının təşviq edilməsidir. 

DMX rəisi Vüsal Hüseynov İşçi Qrupunun hər bir görüşünün konkret nəticəsi olmasının zəruriliyini vurğulayaraq sayca üçüncü görüşdə də məhsuldar və faydalı müzakirələrin aparılacağına əminliyini ifadə edib: "DMX İşçi Qrupun fəaliyyətinə daim dəstək verəcək. Çünki həm dövlət qurumlarının, həm də beynəlxalq tərəfdaşların bu platformada təmsil olunması bizim üçün çox böyük aktivdir". V.Hüseynov bildirib ki, qaçqın statusu verilmiş şəxslərin məşğulluq məsələsində, sosial qayğılarının diqqətdə saxlanılmasında dövlətlə yanaşı, beynəlxalq tərəfdaşlar və vətəndaş cəmiyyəti institutlarının da yaxından iştirak edəcəyi bir mexanizm yaradılmalıdır: "İndiyədək DMX-nin rəhbərliyi altında İşçi Qrupunun “Azərbaycanda qaçqınların əmək bazarına və sosial təminat sisteminə çıxışı” və “Yol sənədi və Qaçqın vəsiqəsi ilə bağlı” mövzularda iki iclası keçirilib. Bugünkü iclasda isə “Azərbaycanda qaçqın statusu almış şəxslərin sosial-iqtisadi hüquqlarının təmin edilməsi istiqamətində əldə olunmuş uğurlar və qaçqınların inteqrasiya siyasətinə dair “Yol xəritəsi” üçün tövsiyələr” adlı sənəd müzakirə edilir. Xatırladaq ki, "Yol xəritəsi" sənədində Azərbaycanda qaçqınların inteqrasiyası üçün dörd əsas sahə müəyyən edilib: yaşayış sahəsi ilə təmin olunma imkanı, təhsilə çıxış imkanı, əmək bazarına çıxış imkanı və mədəniyyətlərarası dialoqun genişləndirilməsi".

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Furio De Angeles deyib ki, müzakirə olunan mövzuya çoxtərəfli yanaşma tələb olunur: "Qaçqın mövzusu qlobal bir proses olduğundan biz beynəlxalq diqqətin bu məsələyə yönəldiləməsinə və dünyada bu sahə ilə bağlı yaxşı təcrübənin Azərbaycana gətirilməsinə öz dəstəyimizi verəcəyik. O, bu həssas kateqoriyadan olan insanlara göstərilən münasibəti və iclasda müzakirə edilən sənədin əhəmiyyətini qeyd edib".

"Yol xəritəsi" sənədi barədə "Azərbaycanla mobillik naminə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin milli koordinatoru Elnur Nəsibov təqdimatla çıxış edib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq tövsiyəsinə uyğun olaraq, Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial mü­da­fi­əsi məsələləri ilə bağlı 2016-cı ilin sonlarında müvafiq dövlət qurumlarının nüma­yən­də­lə­rin­dən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupun tərkibinə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi, Nazirlər Kabineti Aparatının, Xarici İşlər, Daxili İşlər, Ədliyyə, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə, Maliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli nümayəndələri daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi