Prezident İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub

Prezident İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olublar.
Sərgilər
4 Dekabr , 2018 21:28
Prezident İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olublar.

“Report” xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib.

Bildirilib ki, builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.

Prezident İlham Əliyevə nazirliyin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Robopark” layihəsinin məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin artırılması, intellektual elmi-texniki yaradıcılığının inkişafı, yüksək texnologiyalar sahəsinə marağın artırılması, eyni zamanda, robot texnikasının əsasları ilə bağlı məlumatlar əldə etmələrinə imkan yaratmaqdır. Layihə çərçivəsində nazirlik Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə 23 nömrəli orta məktəbdə ilk “Robopark” robot texnika laboratoriyası yaradıb.

Nazirlik tərəfindən “İdeyadan Biznesə” layihəsinin icrasına bu ilin aprelindən başlanılıb. Layihənin reallaşdırılmasına Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri dəstək olub. Yeddi ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb.

Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən qrant alan layihələr kommersiyalaşdırılmış layihələr hesab edilir. Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu məqsədlə keçirdiyi 6 müsabiqə üzrə ümumilikdə 117 layihəyə qrant ayırıb. Layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub.

“Bakı Telefon Rabitəsi” MMC – “Baktelecom” və “Aztelekom” sərgidə birgə stendlə təmsil olunur. “Baktelecom” GPON texnologiyası ilə “Evədək optika” layihəsini davam etdirir. Bu il 40 min mənzildə bu texnologiya vasitəsilə infrastruktur yaradılıb. Cari ilin əvvəlindən Bakı şəhərində və regionlarda rabitə infrastrukturunun məhdud olduğu ərazilərdə LTE texnologiyası tətbiq edilir. “Aztelecom” ilkin olaraq Xaçmazın kəndlərində simsiz rabitə xidmətinin tətbiqinə başlayıb. Bundan başqa, bu il “Aztelekom” magistral şəbəkənin müasir standartlarla yenidən qurulması layihəsinə də start verib.

Azərbaycanın malik olduğu ilk regional Data Mərkəzinin “Microsoft” şirkəti ilə əməkdaşlığı nəticəsində müştərilərə ən əlverişli şərtlərlə virtual mühit üçün lisenziyalaşdırılmış əməliyyat sistemi təqdim olunur. Burada saxlanılan məlumatların və beynəlxalq səs trafikinin ehtiyat bazasının yaradılması məqsədilə növbəti ilin ikinci rübündə istifadəyə verilməsi planlaşdırılan Yevlax Ehtiyat Data Mərkəzinin inşası davam edir. Bununla yanaşı, Dövlət Data Mərkəzi layihəsi üzərində də işlərə başlanılıb.

Gələn il Məlumat Hesablama Mərkəzi tərəfindən istifadəçi ilə veb-səhifənin serveri arasında şifrəli məlumat mübadiləsini həyata keçirmək üçün lazım olan, Azərbaycanda ilk dəfə təhlükəsizlik sertifikatlarının verilməsinə başlanacaq. İndiyədək həm dövlət, həm də özəl saytlar bu sertifikatı xaricdən əldə edirdi. Gələcəkdə bu sertifikatların ixracı da mümkündür. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən “Made in Azerbaijan” brendinə uyğun olaraq yerli mütəxəssislər tərəfindən “AzDoc” adlı proqram hazırlanıb. “Elektron imza və Elektron sənəd haqqında” Qanuna və kargüzarlıq təlimatlarına uyğun olan proqram hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur. Gələcəkdə isə bütün dövlət təşkilatları bu proqramdan istifadə edə bilər. Proqramda sənədləri elektron imza ilə də təsdiqləmək mümkündür.

Dövlət Radiotezliklər İdarəsi bu il “Bakutel - 2018” çərçivəsində ən yeni informasiya-kommunikasiya texnologiyalarının ölkədə tətbiqinə şərait yaradılması üçün müasir radiomonitorinq, mobil rabitə xidmətlərinin müqayisəli analizi və digər bu kimi sistem və texnologiyalarını sərgiləyir. Sərgidə 5G – beşinci nəsil mobil rabitə, süni intellekt kimi texnologiyaların işinə və keyfiyyətinə nəzarət prinsiplərini özündə cəmləyən sistemlər nümayiş olunur.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmanla yaradılan bu xidmət avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir.

Sonra dövlət başçısı və xanımı Azərbaycanda müasir poçtun və rabitənin yaradılmasının 100 illiyinə, eyni zamanda, “Azərbaycan memarlığına” həsr olunan poçt markasını möhürlədilər.

Sərgidə “Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış, 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən poçt şöbəsinin prototipi də təqdim olunur. Artıq iki ildir innovativ və texnoloji yeniliklərlə təchiz olunan “Şəbəkə” xidmət mərkəzləri yaradılıb. Növbəti - 9-cu “Şəbəkə” mərkəzinin Beynəlxalq Avtovağzal Kompleksində istifadəyə verilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi