Bu gün “İTOCHİ Oil Exploration Co” Ltd-nin prezidenti Takumi Hiraganın rəhbərlik etdiyi Yaponiya şirkətlərindən ibarət nümayəndə heyəti İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Azərbaycanda sənaye zonalarına investisiya yatırılması imkanlarını, əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bu barədə "Report"a İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.
Nümayəndə heyəti İZİA-nin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında olub.
Şirkət nümayəndələrinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli investisiya şəraiti, tətbiq edilən vergi və gömrük güzəştləri, sənaye zonalarında istehsal olunan məhsullar barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib. Görüşdə Yaponiya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib, şirkət nümayəndələrinin sualları cavablandırılıb.
Sonra Yaponiya nümanyəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, parkın rezidenti “STP” MMC-nin Kabel və Elektrik Avadanlıqları zavodlarında istehsal prosesi ilə tanış olub.