​Ukrayna müəssisələri Azərbaycanla danışıqlar aparır

​Ukrayna müəssisələri Azərbaycanla danışıqlar aparır Bir neçə müəssisə gələcək əməkdaşlıq barədə ilkin razılaşma əldə edib
Sənaye
29 Aprel , 2015 09:04
​Ukrayna müəssisələri Azərbaycanla danışıqlar aparır

Bakı. 29 aprel. REPORT.AZ/ Ukraynanın Xarkov vilayətinin sənaye müəssisələri Azərbaycan Respublikası nümayəndələri ilə fəal danışıqlar aparır.

"Report" "Xarkov. Kommentarii" nəşrinə istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyası rəhbərinin müavini Yuliya Svetliçnaya məlumat verib.

"Xarkov vilayətinin xarici ticarət dövriyyəsi, az da olsa, azalıb. Rusiya ilə ticarət dövriyyəsi həcmi 40%-dən çox aşağı düşüb. Bununla əlaqədar olaraq vilayət rəhbərliyi gələcək inkişaf və həm daxili, həm də xarici sərmayə cəlb etmək üçün müxtəlif yollar axtarır. Biz Azərbaycan tərəfi ilə fəal danışıqlar aparırıq. Və hazırki mərhələdə demək olar ki, bir neçə Xarkov müəssisəsi gələcək əməkdaşlıq barədə artıq ilkin razılaşma əldə edib. Məsələn, "Elektrotyajmaş", "Turboatom", XTZ kimi müəssisələr artıq bəzi nailiyyətlər əldə edib", - deyə Svetliçnaya qeyd edib.

Onun sözlərinə görə, Ukrayna müəssisələri Azərbaycana elektrik mühərrikləri, dartı generatorları, elektrik avadanlığı dəstləri tədarük etməkdə, həmçinin Azərbaycan İES və SES-lərinin artıq fəaliyyətdə olan avadanlıqlarını müasirləşdirmək, eyni zamanda Azərbaycana "AN-74" nəqliyyat təyyarələri ixrac etməkdə maraqlıdır.

"Mayın 5-də Ukrayna Ali Radasının parlamentlərarası əlaqələr üzrə deputat qrupunun Azərbaycana səfəri planlaşdırılıb. Görüşdə "Turboatom"un da rəhbərliyi iştirak edəcək. Ümid edirik ki, Xarkov vilayətinin böyük sifariş portfeli olacaq", - deyə o əlavə edib.

Svetliçnayanın sözlərinə görə, Xarkov vilaytinin nümayəndə heyəti iyul ayında da Azərbaycana səfər etməyi planlaşdırır. Bu səfər zamanı iri müəssisə, həmçinin təşkilat və hakimiyyət orqanları təmsilçiləri Xarkov müəssisələrinin məhsullarının gələcəkdə ixracı və müqavilələrin bağlanması üçün hökumət və əsas nazirliklərin nümayəndələri ilə görüşəcəklər.

Son xəbərlər

Orphus sistemi