Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb Bakıda "Sumqayıt Kimya Sənaye Parkı: icra edilən layihələr" mövzusunda tədbir keçirilib
Sənaye
17 Mart , 2016 17:10
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb

Bakı. 17 mart. REPORT.AZ/ Martın 17-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Sumqayıt Kimya Sənaye Parkı: icra edilən layihələr” mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri, eləcə də metallurgiya, kimya, gəmiqayırma, tikinti, bərk məişət tullantılarının idarə edilməsi və s. sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər, Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramının (2015-2020-ci illər) məqsədləri barədə iştirakçılara məlumat verib. 

Nazir müavini qeyri-neft sektorunun inkişafında sənaye parkları və məhəllələrinin əhəmiyyətindən danışıb: “Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın gücləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması prioritet istiqamətlərdəndir. Sənayeləşmə prosesinin sürətləndirilməsində müvafiq institutların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynayır. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir. Mingəçevirdə sənaye parkının təşkili istiqamətində işlər aparılır. Neftçala Sənaye Məhəlləsinin tikintisi isə başa çatmaq üzrədir və yaxın vaxtlarda istifadəyə veriləcək. Kiçik və orta sahibkarlığın dəstəklənməsi, regionların sənaye potensialından istifadənin genişləndirilməsi məqsədilə ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin yaradılması nəzərdə tutulur”.

N.Səfərov vurğulayıb ki, Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının 5 rezidenti var və parkda rezidentlərin fəaliyyəti üçün əlverişli şərait yaradılıb: “Sənaye parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində potensial investorlarla danışıqlar davam etdirilir. Yaxın zamanlarda daha bir neçə şirkətə rezident statusunun verilməsi nəzərdə tutulur. Belə ki, artıq əczaçılıq məhsulları, texniki qazların və kimyəvi maddələrin istehsalı sahələri üzrə fəaliyyət göstərən şirkətlər Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib”.

Daha sonra çıxış edən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parkı, parkda fəaliyyət göstərən rezidentlər barədə danışıb. O bildirib ki, bu gün SKSP-in rezidenti olmaq barədə İsveçrənin SİKA şirkətinə şəhadətnamə veriləcək: “Bununla da sənaye parkının rezidentlərinin sayı 6-ya çatacaq. İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC 1910-cu ildə yaradılıb və 80 ölkədə 150 fabriki fəaliyyət göstərir. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində illik istehsal gücü 5 min ton olan inşaat qatqıları üçün xammal və hazır məhsul istehsalını həyata keçirəcək zavod inşa edəcək. Zavodda 50-60 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Hazırda tikinti məhsullarının istehsalında xammal kimi istifadə edilən “Sikament 300”, “Sikament FF5” və “Sigunit L25” kimi maddələrin Azərbaycana illik idxalı təxminən 800-1000 ton təşkil edir. Bu maddələrin ölkəmizdə istehsal edilməsi idxalı əvəz edən yerli məhsulların istehsalına imkan yaradacaq, məhsullarda xarici komponentlərdən istifadəni azaldacaq. Zavodda istehsal ediləcək məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İran kimi ölkələrə ixrac imkanı yaradacaq”.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev isə çıxışında elmi ideyaların sənayeyə tətbiqinin əhəmiyyəti barədə danışıb.

Tədbir çərçivəsində Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti olan “SİKA” MMC-yə rezident statusunu təsdiq edən şəhadətnamə verilib.

Sonra Sumqayıt Kimya Sənaye Parkı haqqında 3D formatlı videoçarx nümayiş olunub, “SİKA” MMC-nin təqdimatı keçirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi