May ayında “SOCAR Polymer” şirkəti dünyada davam edən koronavirus epidemiyası ilə mübarizədə əsas fərdi mühafizə vasitəsi hesab olunan qoruyucu maska istehsalı üçün aparıcı xammal olan HB 2662 FS markalı polimer istehsalını planlaşdırıb və HB 2662 FS markalı homopolimer propilenin ilk sınaq-sənaye partiyası istehsal edilib.
Bu barədə “Report”a şirkətdən məlumat verilib.
Qeyd edilib ki, həmin homopolimerdən qoruyucu maskalar, respiratorlar, birdəfəlik tibbi geyimlər, uşaq bezləri, mebel və tikinti təyinatlı parçalar, habelə geotekstil növlərinin hazırlanmasında istifadə olunan toxunmamış materialların istehsalı üçün istifadə edilir.
Bildirilib ki, HB 2662 FS markalı polimerin ilk partiyaları sınaqdan keçirilmək üçün sifarişçilərə göndərilib və keyfiyyəti və yararlılığı barədə müsbət cavablar alınıb.
İlkin olaraq 600 ton HB 2662 FS markalı homopolimer istehsal olunub və gələcəkdə artacağı istisna edilmir.
Qeyd edək ki, bu həftə İqtisadiyyat Nazirliyi “SOCAR Polymer”intibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammal istehsalına başladığı barədə məlumat yaymışdı.
Xatırladaq ki, "SOCAR Polymer"ə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.