Bakı. 9 iyun. REPORT.AZ/ “SOCAR Methanol” MMC 2019-cu ildən daxili bazarda satışları ikiqat artırmaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə şirkətin baş direktoru Elnur Mustafayev “Counsulting and Business” jurnalına müsahibəsində bildirib.
O qeyd edib ki, hazırda metanolun ümumi satışında daxili bazarın payı 5% təşkil edir: “Baxmayaraq ki, hələlik daxili bazarın həcmi xarici bazarla müqayisə oluna bilməz, amma bu bazar mövcuddur və bizim üçün də vacibdir. Ümumi satışda daxili bazarın payı 5% təşkil edir və neft-qaz quyularının qazılması, karbohidrogen ehtiyatlarının nəqlində istifadə olunan boya, lak xüsusi maddələr istehsal edən bir neçə şirkətin hesabına formalaşır. Daxili bazar dinamik olaraq inkişaf edir. Yaxın gələcəkdə bizim istehsal etdiyimiz metanolun satış həcmi daxili bazarda dəfələrlə artacaq. Bizim xüsusi məqsədimiz 2019-cu ildən daxili bazarda satışı 2 dəfə artırmaqdır. Bu göstəricini üstələyəcəyimizə heç bir şübhəm yoxdur”.