SOCAR karbamid ixracını 8 dəfəyədək artırıb

Sənaye
  • 06 may, 2022
  • 10:04
SOCAR karbamid ixracını 8 dəfəyədək artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodu bu ilin birinci rübü ərzində 151,1 min ton məhsul istehsal edib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu, 2021-ci ilin birinci rübü ilə müqayisədə 134,6 min ton və ya 9,2 dəfə çoxdur.

Bu ilin birinci rübündə zavodun istehsal etdiyi məhsulların 53,4 min tonu daxili bazara satılıb ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 3,24 dəfə çoxdur.

2022-ci ilin ilk rübündə karbamid zavodu 83,6 min ton məhsul ixrac edib ki, bu da ötən ilin ilk rübü ilə müqayisədə 72,8 min ton və ya 7,7 dəfə çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində karbamid zavodunun ixrac dəyəri 56,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin ilk rübü ilə müqayisədə 55 milyon ABŞ dolları və ya dəfə 33,3 dəfə çoxdur. Bununla da bu ilin ilk rübündə 36,3 milyon ABŞ dolları dəyərində idxal əvəzlənməsi həyata keçirilib. Həmçinin, bunun 93 milyon ABŞ dolları xarici ticarət saldosuna müsbət təsiri olub.

Bu ilin birinci rübündə Karbamid zavodunun məhsullarının ixracının TOP-5-liyində Braziliya, Türkiyə, Moldova, Bolqarıstan və Hindistan kimi ölkələrin adları var.

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Karbamid zavodu 2022-ci ildə 600 min ton məhsul istehsal etməyi proqnozlaşdırır. Bu həcmlər 2021-ci ilin istehsalından 244,7 min ton və ya 68,9 % çoxdur.

Xatırladaq ki, ötən il zavodun ümumi istehsalı 355,3 min ton təşkil edib ki, bu, 2020-ci illə müqayisədə 197,3 % çoxdur.