Azərbaycanda sənaye avadanlıqları istehsalı zavodu tikilir

Azərbaycanda sənaye avadanlıqları istehsalı zavodu tikilir Bu zavodun inşası layihəsinin dəyəri təqribən 32 mln. avrodur
Sənaye
19 Yanvar , 2016 15:31
Azərbaycanda sənaye avadanlıqları istehsalı zavodu tikilir

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə rəqabətqabiliyyətli sənaye avadanlıqlarının istehsalı zavodunun yaradılması layihəsinin təqdimatı keçirilib.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata əsasən, tədbirdə çıxış edən nazir müavini Niyazi Səfərov ölkədə dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb: “Biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı davamlı olaraq artır. Bunun nəticəsidir ki, ötən il ölkəmizdə sənaye istehsalı 2,4%, qeyri-neft sənayesi isə 8,4% artıb. Dünyadakı mürəkkəb siyasi-iqtisadi proseslərə baxmayaraq, ölkəmizdə mövcud olan əlverişli biznes mühiti və sahibkarlara göstərilən dəstək nəticəsində Azərbaycanda rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələr yaradılır”.

N.Səfərov bildirib ki, belə layihələrdən biri də Qaradağ Metal Konstruksiyalar Zavodu (“AzeriSteel”) tərəfindən tikiləcək rəqabətqabiliyyətli sənaye avadanlıqlarının istehsalı zavodudur: “Layihə çərçivəsində qabaqcıl texnologiyalar əsasında neft-qaz və kimya sənayesi ilə yanaşı, əczaçılıq və yeyinti sənayesi üçün müxtəlif avadanlıqlar (istilik mübadilə qurğuları, reaktorlar, kristallizatorlar, distilyasiya kolonları, çənlər, təzyiq altında işləyən avadanlıqlar və s.) istehsal olunacaq. Zavodun dəyəri təqribən 32 mln. avrodur. Layihə çərçivəsində 700-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun layihələndirmə və mühəndislik işləri Almaniyanın bu sahədə böyük təcrübəyə malik olan “EPC Group” şirkəti tərəfindən həyata keçirilir. “EPC Group” zavodun fəaliyyəti dövründə də müəssisəyə texnoloji dəstək göstərəcək”.

Daha sonra çıxış edən SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma işləri barədə məlumat verib. O, yeni yaradılan sənaye avadanlıqlarının istehsalı zavodunun əhəmiyyətindən, burada istehsal olunacaq məhsulların neft-qaz sənayesində istifadəsi imkanlarından danışıb.

“Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev gələcəkdə zavodun məhsullarının neft-kimya sənayesində istifadəsi barədə fikirlərini bölüşüb.

Qaradağ Metal Konstruksiyaları Zavodu (“AzeriSteel”) Direktorlar Şurasının sədri Rüfət Sucayev ölkədə yaradılan əlverişli biznes mühiti, sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirləri, xüsusilə də son zamanlar sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi sahəsində atılan addımların sahibkarlar tərəfindən razılıqla qarşılandığını vurğulayıb: “Sənaye avadanlıqlarının istehsalı zavodunun qurulmasında dövlətin dəstək mexanizmlərindən istifadə olunması nəzərdə tutulur. Zavodda istehsal ediləcək rəqabətqabiliyyətli sənaye məhsulları yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq”.

Almaniyanın “EPC Group” şirkətinin Satış Departamentinin rəhbəri Ernst Kühn, şirkətin Rusiya və MDB-də biznesin inkişafı üzrə direktoru Ruslan Ahmetxanov çıxışlarında qeyd ediblər ki, Azərbaycanda formalaşan əlverişli biznes mühiti müasir istehsal müəssisələrinin yaradılmasına geniş imkan yaradır.

Qeyd edək ki, rəqabətqabiliyyətli sənaye məhsullarının və avadanlıqlarının istehsalına dövlət tərəfindən müxtəlif mexanizmlər vasitəsilə dəstək göstərilir. Belə ki, “AzeriSteel” İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 10 mln. manat güzəştli krediti hesabına ölkədə mürəkkəb metal konstruksiyalar istehsalı sahəsində aparıcı şirkətlərdən birinə çevrilib. Ümumilikdə, son illər Fond ümumi dəyəri 981 mln. manat olan 130-dan çox müasir sənaye layihəsinin maliyyələşdirilməsinə 410 mln. manatdan çox güzəştli kredit ayırıb. Bu müəssisələrdən 115-i artıq istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi