Reza Vəziri: “Anglo Asian Mining” bu il qızıl və mis hasilatını əhəmiyyətli dərəcədə artıracaq”
- 26 fevral, 2025
- 15:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın “Anglo Asian Mining PLC” (AAM) şirkəti 2025-ci ildə 28-33 min unsiya qızıl və 6 500-6 800 ton mis hasil etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” şirkətinin baş direktoru Reza Vəziri bildirib.
Onun sözlərinə görə, mis hasilatı şirkətin fəaliyyətində getdikcə daha önəmli yer tutur: “2025-ci ildə hasilatımız ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artacaq. Buna bəzi yataqlarda hasilatın müvəqqəti dayandırılması da təsir edib”.
R. Vəziri bildirib ki, şirkətin 2025-ci il üçün dövriyyə proqnozu tarixində ən yüksək illik göstərici olacaq: “2025-ci il şirkət üçün əlamətdar olacaq. Çünki biz hasilat portfelimizdə misin payını artırır və gələcəkdə “Qaradağ” və “Xarxar” yataqlarının daha böyük mis ehtiyatlarını istismara verməyə başlayırıq”.
2024-cü ildə “Anglo Asian Mining PLC” şirkətinin qızıl hailatı 12 073 unsiya, mis hasilatı isə 377 unsiya təşkil edib.
Qeyd edək ki, hazırda “Anglo Asian Mining” şirkəti aşağıdakı 2 yataqda hasilat aparır. “Gədəbəy” yatağında ilk qızıl hasilatı 2009-cu ildə, gümüş hasilatı isə 2010-cu ildə başlanıb. “Qoşa” yatağı 2013-cü ilin sentyabrından işlənilir. Bu il ərzində “Vejnəli” və “Gilar” yataqlarında hasilatın başlanması planlaşdırılır.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.