Bakı. 4 aprel. REPORT.AZ/ “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi sahəsində törəmə müəssisəsi olan “Prokon” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunda aparılan tikinti işlərini yekunlaşdırıb.
“Nobel Oil Services” şirkətindən “Report”a verilən məlumata görə, hazırda zavodda son buraxılış-sazlama işləri həyata keçirilir.
“Prokon” Karbamid zavodunun tikinti layihəsi çərçivəsində layihənin baş podratçısı “Samsung Engineering Co., Ltd.”(Cənubi Koreya) ilə əməkdaşlıq edərək tikinti işləri üzrə əsas podratçı qismində çıxış edib. Bakıdan 35 km şimalda yerləşən zavod vahid kompleks olaraq zəngin təbii qaz ehtiyatlarını xammal kimi istifadə edərək gündəlik 1 200 ton ammonyak və 2 000 ton karbamid istehsalı üçün nəzərdə tutulub.
Zavodda ammonyak istehsalı qurğuları, karbamid istehsalı qurğuları və karbamid üçün daşınma qurğularının tikintisi və quraşdırılması tamamlanıb, zavodun istismara verilməsi üçün buraxılış-sazlama işləri davam etdirilir. “Prokon” bu layihə çərçivəsində aşağıdakı işləri həyata keçirib: torpağın qazılaraq çıxarılması (120,380 m3), torpağın təkrar doldurulması (55,800 m3), beton işləri (51,500 m3), tikinti (7,587 m2), boruların istehsalı və montajı işləri (371,410 WDI), çənlərin quraşdırılması (ümumi tutumu 31,130 m3 olan 16 çən), metal-polad konstruksiyaların montajı (7,560 ton), elektrik kabellərin çəkilişi (591,328 m), nəzarət-ölçü cihazları üçün kabellərin çəkilişi (446,613 m), boya işləri (125,000 m2) və bütün digər müvafiq işlər.
Qeyd edək ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi “Prokon” 2012-ci ildə Azərbaycanda yaradılıb.