Pirallahı Sənaye Parkında inşa ediləcək zavoda 21 mln. dollar investisiya qoyulacaq

Pirallahı Sənaye Parkında inşa ediləcək zavoda 21 mln. dollar investisiya qoyulacaq Nazir: "Bu, ölkədə dərmanların qiymətinin düşməsinə də səbəb olacaq"
Sənaye
16 Yanvar , 2017 13:24
Pirallahı Sənaye Parkında inşa ediləcək zavoda 21 mln. dollar investisiya qoyulacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Pirallahı Sənaye Parkında 5 hektar ərazidə inşa ediləcək "Caspian Pharmed" əczaçılıq zavoduna ilkin mərhələdə 20,6 mln. ABŞ dolları həcmində investisiya qoyulacaq.

"Report"un məlumatına görə, bunu bu gün Bakıda Pirallahı Sənaye Parkında yeni əczaçılıq zavodunun təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, sənaye parkında sayca ikinci olan əczaçılıq zavodunda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitələr, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal olunacaq: "Azərbaycanın dövlət başçısının tapşırığına əsasən, ölkədə sənayenin yeni bir sahəsinin inkişaf etdirilməsinə start verilib. Ötən il noyabrın 2-də Rusiya şirkəti ilə birgə olan birinci zavodun təməli qoyulub. Bu gün də İranla birgə müəssisənin təməli qoyulub. Zavod Almaniya və İtalyada istehsal olunan avadanlıqlarla təchiz ediləcək. Müəssisənin tikinti dövrü təxminən 1,5 il çəkəcək. Artıq gələn ilin III rübündə zavodda istehsala başlanılacaq. Burada istehsal edilən dermanlar ən yüksək standtarlara cavab verəcək".

Ş.Mustafayev qeyd edib ki, zavodda istehsal edilən dərmanların böyük hissəsi Azərbaycan daxili istehlaka yönəldilsə də, bir hissəsi ixrac olunacaq: "Təqdim edilən biznes-plana uyğun, burada istehsal olunan dərmanların Rusiya, Gürcüstan və Qazaxıstan bazarlarına da ixracı nəzərdə tutulub. Birinci mərhələdə burada 90 nəfər işlə təmin olunacaq, işçilərin əmək haqqı minimum 700 manat təşkil edəcək. Eyni zamanda, zavod 7 il müddətinə dövlətin sahibkarlıq subyektləri üçün müəyyənləşdirdiyi güzəştlərdən yararlanacaq. Müəssisənin özünüödəmə müddəti 7 il 2 ay nəzərdə tutulub, daxili rentabillik norması 17,24% olacaq. Bu, kifayət qədər yüksək rentabillik səviyyəsidir".

Nazir vurğulayıb ki, təxminən bu ilin mart ayında üçüncü zavodun təməlinin qoyulması nəzərdə tutulub: "Hazırda digər təkliflərə də baxılır. Düşünürəm ki, 2-3 il ərzində artıq Azərbaycanda bir neçə zavod dərman istehsalına başlayacaq. Bu gün Azərbaycan dərmanları 100% idxal edir. Təxminən 2-3 il ərzində vəziyyət tamamilə dəyişəcək. Bu, ölkədə dərmanların qiymətinin düşməsinə də səbəb olacaq". 

"Həmçinin, gələcəkdə İranla əməkdaşlığın genişləndirilməsi sayəsində bir neçə layihənin həyata keçirilməsi üçün müzakirələr aparılır. Bunlardan biri avtobus istehsalı, kənd təsərrüfatı texnikasının istehsalı zavodunun inşası məsələləri müzakirə edilir", - deyə Ş.Mustafayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi