Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun təməli qoyulub

Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun təməli qoyulub Bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirilib.
Sənaye
7 Dekabr , 2023 10:15
Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun təməli qoyulub

Bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, istehsalçı şirkətin rəhbəri Abidin Gülmüş, eləcə də rəsmi şəxslər iştirak ediblər.

Təməlqoyma mərasimində diqqətə çatdırılıb ki, ölkəmizdə müasir, yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsullar istehsal edən sənaye zonaları fəaliyyət göstərir ki, bu da aparılan sənaeyləşmə siyasətinə uyğun olaraq qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edir. Bu il iyulun 31-də nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret Anonim Şirkəti" və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən görülən işlər nəticəsində bu gün Parkın 7,8 hektar ərazisində dərman istehsalı zavodunun təməli qoyulur.

Müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə 42 adda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq. İnşa ediləcək zavodun investisiya dəyəri 59,3 milyon manatdır. Müəssisədə 165 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlamasından sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. İllik istehsal gücü 50 milyon qutu nəzərdə tutulan zavodda istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, istehsalın lokallaşdırılmasına və məşğulluğun təşviqinə töhfə verir. Parkda ümumi investisiyalarının həcmi təqribən 115 milyon manatdan çox 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyə qədər sənaye parkına rezidentlər 37 milyon manata yaxın investisiya yatırıb, 120-dən çox daimi iş yeri yaradıb. Artıq qeydiyyata alınmış 6 rezidentdən 2-si fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi