Bakı. 10 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” kompleksində 2 557 958 ton məhsul istehsal olunub.
“Report” xəbər verir ki, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 8,4% çoxdur.
Hesabat dövründə satış miqdarı 18% artaraq 1 530 872 ton olub. “Petkim Holding”in satış gəlirləri 66% artaraq 3,253 mlrd. lirədən 5,402 mlrd. lirəyə çatıb.
Bu ilin 9 ayında kompleksin istehsal gücündən istifadə göstəricisi isə ötən ilin analoji dövründəki 89,1%-dən 96,3%-ə yüksəlib.
Bu il oktyabrın 1-nə “Petkim”də çalışanların sayı 2 441 nəfər olub. 2016-cı il 31 dekabr tarixində isə bu göstərici 2 395 nəfər təşkil edib.
Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır.