Niyazi Səfərov: "Azərbaycan beynəlxalq dəhlizlərin inkişafını dəstəkləyir"

Niyazi Səfərov: "Azərbaycan beynəlxalq dəhlizlərin inkişafını dəstəkləyir" Nazir müavini: "Azərbaycan davamlı və dayanıqlı, inklüziv inkişafa nail olacaq"
Sənaye
4 May , 2016 12:00
Niyazi Səfərov: Azərbaycan beynəlxalq dəhlizlərin inkişafını dəstəkləyir

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsini dəstəkləyir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov vurğulayıb ki, iqtisadi inkişafın ən mühüm sahələrindən biri sənayedir: "Sənaye davamlı və inklüziv inkişafda xüsusi əhəmiyyətə və rola malikdir. Son zamanlar tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında əlaqələrin genişləndirilməsi beynəlxalq iqtisadi gündəliyin əsas mövzularından biridir. Bu gündəlik çərçivəsində Azərbaycan çox ciddi təşəbbüslər həyata keçirir. Beynəlxalq dəhlizlərin inkişaf etdirilməsi, bununla əlaqədar infrastruktur işlərinin icrası və digər işlərin görülməsi Azərbaycan tərəfindən xüsusi olaraq dəstəklənir. Təbii ki, iqtisadi potensial olmadan bu işləri reallaşdırmaq çox çətin olar. Ona görə də bugünkü tədbirdə inklüziv və dayanıqlı inkişaf mövzusu, yeni İpək Yolunda sənayenin inkişafı, ölkələr arasında qabaqcıl təcrübə mübadiləsi olduqca önəmlidir. Sənaye parkları, texnoloji parklar, sənaye məhəllələri, klasterlərin yaradılması bu gün bütün inkişaf etmiş və inkişafda olan ölkələrdə iqtisadi gündəliyin əsas mövzusudur. İqtisadi zonaların yaradılması iqtisadiyyatın inkişafına çox ciddi təsir göstərən amildir. Bu tədbir çərçivəsində Azərbaycanda əldə edilən layihələri də təbliğ etmək niyyətindəyik". 

Nazir müavini bildirib ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mühüm mövzularından biri sənaye zonalarının yaradılmasıdır. Bu, iqtisadiyyatın diversifikasiyası, rəqabət qabiliyyətinin artırılması, ixrac potensialının genişləndirilməsi, məşğulluğun artırılmasına xidmət edir: "Bu gün Azərbaycanda yaradılan sənaye parkları inkişaf mərhələsindədir. Parkların idarə edilməsi və təşkili, ölkədəki investisiya mühiti barədə geniş məlumat verəcəyik. İnvestisiyaların təşviqi ilə bağlı yanvardan bəri qəbul edilmiş qərarlar ölkəmizin bütün bölgələrini investisiya layihələri üçün mühüm əraziyə çevirib. Bu işlərin nəticəsi olaraq Azərbaycan davamlı və dayanıqlı, inklüziv inkişafa nail olacaq. Bu sahədə təcrübəmizi tərəfdaşlarla mütəmadi olaraq paylaşacağıq".

Qeyd edək ki, bu gün Bakıda "Yeni İpək Yolu regionunda inklüziv və dayanıqlı sənaye inkişafının gücləndirilməsi: sənaye parkları, zonaları və şəhərlərin potensialından istifadə" layihəsinin ilk iclası ilə bağlı keçirilən bugünkü tədbir Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən təşkil olunub. Tədbirin əsas məqsədi yeni İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsidir .

Son xəbərlər

Orphus sistemi