Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat Nazirliyi sənaye şöbəsinin müdiri Araz Quliyev və şöbənin müdir müavini Fikrət Qurbanov SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərən Metanol Zavodunda olublar.
“Report” Zavoda istinadən xəbər verir ki, müəssisənin ərazisində onlar üçün ekskursiya təşkil olunub, istehsal prosesi haqqında məlumat verilib. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə edilib və istehsal fəaliyyəti perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Metanol Zavodu 2016-cı ilin noyabr ayından etibarən SOCAR-ın idarəçiliyi altında onun törəmə şirkəti olan “SOCAR Methanol” MMC tərəfindən idarə olunur. Bu ilin avqust ayından etibarən isə zavod SOCAR-ın mülkiyyətinə keçib.
Bu ilin yanvar-avqust ayları ərzində zavodda 186 min ton metanol istehsal edilib. İstehsal olunan məhsulun 90%-dən çoxu ixraca yönəldilib. Bu il zavodda 250 min ton metanol istehsalı planlaşdırılır.