İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib

İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin icrasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyində müvafiq struktur bölmə yaradılacaq
Sənaye
17 Oktyabr , 2017 16:35
İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib
Economy.gov.az

Bakı. 17 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib. 

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Kollegiyanın sədri, iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, cari ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5%, qeyri-neft sənayesi 3,1%, kənd təsərrüfatı 2,8%, xarici ticarət dövriyyəsi 7% artıb, müsbət saldo 4,4 mlrd. ABŞ dolları olub. Bu dövrdə valyuta ehtiyatları 4,5 mlrd. dollar artaraq 42 mlrd. dollar təşkil etdib.

Ş.Mustafayev deyib ki, dövlət başçısı Nazirlər Kabinetinin iclasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrində dövlət qurumları üçün nəzərdə tutulan bütün tədbirlərin 2020-ci ilə qədər öz həllini tapmalı olduğunu vurğulayıb.

Bununla əlaqədar olaraq, Kollegiya iclasında İqtisadiyyat Nazirliyinin Strateji Yol Xəritələrində həmicraçı olduğu 364 tədbir, o cümlədən əsas icraçı olduğu 135 tədbir üzrə görülmüş işlər barədə Nazirliyin aidiyyəti üzrə əlaqələndirici məsul əməkdaşlarının hesabat məruzələri dinlənilib, digər icraçı qurumların nümayəndələrinin də iştirakı ilə 64 işçi qrupun yaradıldığı vurğulanıb, bu işçi qrupların, habelə Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin icra intizamına onlayn nəzarət edilməsi və hesabatlılığın təmin olunması məqsədilə yaradılmış "Elektron portal"ın fəaliyyəti barədə məlumat verilib.

İclasda Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin tam, vaxtında və keyfiyyətlə icrasına nəzarətin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində müvafiq struktur bölmənin yaradılması, İqtisadiyyat Nazirliyi üçün müəyyən olunmuş vəzifələrin icrası barədə məlumatlandırılmanın təkmilləşdirilməsi və əhatəliliyinin artırılması, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə mütəmadi görüşlərin keçirilməsi və məlumat mübadiləsinin genişləndirilməsi qərara alınıb.

Kollegiya iclasında həmçinin Prezidentin müvafiq sərəncamı ilə təltif edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar və onların vəsiqələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi