Bakı. 27 yanvar. REPORT.AZ/ Martın 15-də saat 10:00-da “Holcim (Azerbaijan)” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Bildirilib ki, yığıncaq Bakı şəhəri, İzmir küçəsi,1033 ünvanında yerləşən “Hyatt Regency” hotelinin görüş və konfrans mərkəzində baş tutacaq.
Yığıncağın gündəliyinə ümumi yığıncağın sədrinin seçilməsi, şirkətin Müşahidə Şurasının üzvlüyünə, nizamnaməsinə dəyişikliklərin təsdiqlənməsi, şirkətin 2017-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi məsələləri daxildir.
Xatırladaq ki, "Holcim (Azerbaijan)" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.