Hacıqabul Sənaye Parkının genişləndirilməsi üçün xərc açıqlanıb
- 10 dekabr, 2024
- 15:42
Hacıqabul Sənaye Parkının genişləndirilməsi üçün ayrılmış 40 hektar torpaq sahəsində infrastrukturun yaradılması üzrə tikinti işlərinə 7 milyon 999 min 998,75 manat vəsait sərf olunacaq.
"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Tikinti işlərini "Protean Construction" MMC aparacaq. O, İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC-nin elan etdiyi tenderin qalibi olub.
Qeyd edək ki, müqavilə predmeti olan işlərin aparılmasına sərf olunacaq xərc ehtimal olunan qiymətdən 1,87 milyon manat və ya 19 % azdır.
Xatırladaq ki, hazırda Hacıqabul Sənaye Parkında 14 sahibkarlıq subyekti qeydiyyatdan keçib, onlardan 9-u artıq fəaliyyətə başlayıb. Mövcud layihələrə investisiyaların ümumi həcmi 44,2 milyon manat təşkil edir, artıq 400-ə yaxın daimi iş yeri yaradılıb. Ümumilikdə sənaye parkının bütün rezidentləri tərəfindən investisiyaların həcminin 163 milyon manatdan çox olacağı gözlənilir.
Hacıqabul Sənaye Parkının ərazisində həyata keçirilən irimiqyaslı layihələrdən biri də minik avtomobilləri istehsalı müəssisəsinin yaradılmasıdır. İştirakçıları Azərbaycanın "Azərmaş GP" və Özbəkistana məxsus "UzAvtoSanoat" SC olan Azərbaycan-Özbəkistan birgə müəssisəsi avtomobil istehsalına 104 milyon manat sərmayə qoymağı planlaşdırır. Layihənin həyata keçirilməsi 1,2 min yeni iş yerinin yaradılmasına imkan verəcək. Zavodun gücü ildə 30 min avtomobil təşkil edəcək. Şirkət avtomobillərin yığılması, qaynaqlanması və avtomobillərin rənglənməsi ilə məşğul olacaq. Zavodda istehsal olunan məhsulların həm daxili bazarda satışı, həm də ixracı nəzərdə tutulur. Zavodda ABŞ, İtaliya, Çin, Cənubi Koreya və Özbəkistanın müasir texnologiyalar tətbiq olunacaq. Müəssisənin 2025-ci ilin mayında istifadəyə verilməsi planlaşdırılır.
Bundan əlavə, paralel olaraq Hacıqabul Sənaye Parkında istehsalın lokallaşdırılması istiqamətində işlər aparılır ki, bu da ehtiyat hissələrinin istehsalı üzrə yeni müəssisələrin yaradılması deməkdir.
Türkiyənin plastik su qablaşdırma istehsalçısı "Uysal" və Rusiyanın istilik izolyasiya panelləri istehsalçısı "Penoplex Prikavkazye" artıq Hacıqabulda fəaliyyət göstərir.
Sənaye parkının rezidentləri arasında logistika xidmətləri və sənaye tullantılarının utilizasiyası üzrə ixtisaslaşmış "Eco Logistics" şirkəti də var. Onun fəaliyyəti iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi sahəsində mövcud tendensiyalar fonunda önəmlidir.