“Filizçay” yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi ilin sonuna hazır olacaq

“Filizçay” yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi ilin sonuna hazır olacaq Bakı. 2 oktyabr. REPORT.AZ/ Balakən rayonunda yerləşən Köhnəmədən sahəsinin “Filizçay” yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan “SRK Consulting” tərəfindən cari ilin sonuna qədər hazır ediləcək.
Sənaye
2 Oktyabr , 2018 10:50
“Filizçay” yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi ilin sonuna hazır olacaq
0 : 00
0 : 00

Bakı. 2 oktyabr. REPORT.AZ/ Balakən rayonunda yerləşən Köhnəmədən sahəsinin “Filizçay” yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan “SRK Consulting” tərəfindən cari ilin sonuna qədər hazır ediləcək.

“AzerGold” QSC-dən “Report”a verilən məlumata görə, bunu QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Filizçay” yatağında yaradılmış geoloji düşərgədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” arasında keçirilən görüşdə bildirib.

O qeyd edib ki, ərazidə əlavə buruq-qazma işləri, metallurji testlər, mühəndis-geoloji və hidroloji kəşfiyyat işlərinin aparılmasından sonra texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlanılacaq. Z. İbrahimovun sözlərinə görə, bu sənədin hazırlanması nəticəsində məlumatlar dəqiqləşdirildikdə əldə olunacaq gəlir məbləğinin artması ehtimalı böyükdür.

Görüş çərçivəsində nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik “Filizçay” polimetal yatağı üzrə həyata keçirilmiş ilkin tədqiqatlar müzakirə edilib, burada aparılan geoloji kəşfiyyat, buruq-qazma işləri və laborator tədqiqatlar haqqında nazir Muxtar Babayevə məlumat verilib. Qeyd edilib ki, ilkin hesablamalara əsasən, yatağın 23 illik istismarı və mis, gümüş, sink və qurğuşun kimi metalların hasil edilməsi nəticəsində ölkə iqtisadiyyatına 6 mlrd. manata yaxın vəsaitin daxil olması gözlənilir.

Nazir M.Babayev “Filizçay” yatağının Zaqatala Dövlət Təbiət Qoruğunun yaxınlığında yerləşdiyini qeyd edərək, yataqda aparılacaq bütün işlərdə ətraf mühitə təsirin minimuma endirilməsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. “AzerGold” QSC tərəfindən bildirilib ki, yatağın istismar öncəsi əhəmiyyətli tədqiqat işlərindən biri də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin hazırlanması olacaq.

Görüşdə, həmçinin ölkənin bütün nəcib və əlvan metal mədənləri üzrə geoloji məlumatların elektron formata salınması (rəqəmsallaşdırılması), dağ-mədən sahəsində milli qanunverciliyin təkmilləşdirilməsi və bu sahədə işlərin koordinasiyalı şəkildə görülməsi müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi