İndiyə qədər Azərbaycandakı sənaye zonalarında investisiya layihələrinin dəyəri 7 milyard manatdan çox olan 138 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
"Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və "Araz Vadisi İqtisadi Zonası"), 5 sənaye məhəlləsi (Hacıqabul, Neftçala, Masallı, Sabirabad və Şərur) fəaliyyət göstərir. İndiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb, 11 000-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 864 milyon manat investisiyanın yatırılması, 6 700-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə o qeyd edib.
"Sənaye zonalarında indiyə qədər ümumilikdə 11,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,6 milyard manatlıq hissəsi ixrac olunub. Bu ilin 9 ayında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr 2,3 milyard manatlıq məhsul satılıb ki, bunun 31 %-dən çoxu, yəni 722 milyon manatdan artıq hissəsi ixracın payına düşüb. 9 ayda sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 %, qeyri-neft sənaye məhsullarının ixracında isə payı 22,9 % olub. Bütün deyilənlər bir daha onu göstərir ki, sənaye zonaları qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır, onların məhsulları 60-dan çox ölkəyə ixrac edilib", - deyə E.Nuriyev əlavə edib.