Yaxın vaxtlarda daha 7 şirkətə Ağdam Sənaye Parkının rezidenti statusunun veriləcəyi gözlənilir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev bildirib.
Onun sözlərinə görə, bununla da, Parkın rezidentlərinin sayı 16-ya çatacaq.
"İndiyədək 9 sahibkara rezident statusu verilib. Həmin rezidentlər 50 milyon manatdan çox investisiya yatırmağı, 1 000-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Yeni rezidentlərin də təklif etdiyi müxtəlif layihələr var. Onların bir qismi tikinti və tekstil sahələrinə aiddir. Məsələn, divar kağızı istehsalı ilə bağlı layihəyə baxmışıq və bu yaxınlarda o şirkətə rezidentlik statusu veriləcək", - deyə o, qeyd edib.
"Parkın rezidentlərinin rahat fəaliyyət göstərməsi üçün mobil şəhərcikdə 16 modul tipli yataqxana (40 nəfərlik) quraşdırılıb. Bundan başqa, ərazidə inzibati binanın tikintisinə start verilib. Binada iclas otağı, müasir ofis sahələri, təlim mərkəzi, laboratoriya və s. olacaq, sahibkarlara bank, sığorta və gömrük xidmətləri göstəriləcək. Parkda, həmçinin əlavə olaraq 2 ədəd 400 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb və 40 MVA elektrik yarımstansiyasının tikintisinə başlanılıb. Bundan əvvəl isə 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılmışdı. Ərazi sürətli internetlə təmin edilib", - deyə E.Şiriyev əlavə edib.