“Çovdar” yatağının yeraltı qatının istismarından 400 mln. manatdan artıq gəlir nəzərdə tutulur

“Çovdar” yatağının yeraltı qatının istismarından 400 mln. manatdan artıq gəlir nəzərdə tutulur Bakı. 10 iyul. REPORT.AZ/ 2021-ci ildə hasilata başlanması nəzərdə tutulan “Çovdar” yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədi beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanır.
Sənaye
10 İyul , 2018 10:01
“Çovdar” yatağının yeraltı qatının istismarından 400 mln. manatdan artıq gəlir nəzərdə tutulur
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ 2021-ci ildə hasilata başlanması nəzərdə tutulan “Çovdar” yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədi beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanır.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda “AzerGold” QSC-nin sədri Zakir İbrahimov bildirib.

O deyib ki, ilkin hesablamalara əsasən, layihənin 6 illik istismarı çərçivəsində 400 mln. manatdan artıq gəlirin əldə edilməsi nəzərdə tutulub. Qurumun sədrinin sözlərinə görə, əlavə olaraq, yatağın ehtiyatlarının artırılması istiqamətində sahənin yaxın və uzaq ərazilərində fəal kəşfiyyat və tədqiqat işləri aparılır.

O həmçinin qeyd edib ki, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik “Filizçay” polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Z. İbrahimov deyib ki, hesabatın cari ilin sonuna hazır olması və növbəti addım kimi metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması təşkil ediləcək: “Filizçay” yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə 3 mlrd. manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən “Mazımçay” yatağında ehtiyatların təsdiqi məqsədi ilə buruq-qazma işləri aparılır”.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Ortakənd” sahəsində ən müasir avadanlıqların cəlb edilməsi ilə kompleks geofiziki tədqiqatlar nəticəsində mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər qeydə alınıb. Buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması işlərinə başlanılıb.

“Ölkə ərazisində yeni yataqların müəyyən edilməsi məqsədilə kəşfiyyat işləri aparılır. Belə ki, bu işlərin nəticəsində Göygöl inzibati rayonunda yerləşən “Ağyoxuş” perspektivli qızıl filizi sahəsi müəyyən edilib, aparılmış geofiziki işlər müsbət nəticə verib və 2018-ci ilin sonunadək buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması planlaşdırılıb. Eyni zamanda, “Tülallar” perspektivli qızıl filizi yatağının mövcud ehtiyatlarının təsdiq edilməsi və növbəti addım olaraq tədqiqat işlərinin başlanması məqsədilə yataq üzrə ilkin fəaliyyət planı tərtib edilib”, - “AzerGold” sədri çıxışında məlumat verib.

O qeyd edib ki, nəzərdə tutulan işlərin davamlılığını və vaxtında həyata keçirilməsini təmin etmək üçün maliyyələşmə mənbələri, o cümlədən potensial investorlar və strateji partnyorlarla əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.

“Cənab Prezident, tapşırığınıza əsasən, “AzerGold” QSC Azərbaycan ərazisində mövcud perspektivli əlvan metal yataqlarının işlənilməsində və istismara verilməsində kompleks yanaşma tətbiq edir. Bu məqsədlə ölkənin əlvan metal hasilatına dair Yol Xəritəsi sənədinin hazırlanmasına başlanılıb. Sənəd sovet hakimiyyəti dövründən arxivlərdə mövcud məlumatların müasir standartlara uyğunlaşdırılmasını, o cümlədən rəqəmsal formata salınmasını, mineral ehtiyatların beynəlxalq normalar əsasında yenidən hesablanmasını, mədənlər üçün istismar mərhələləri üzrə fəaliyyət planının hazırlanmasını əhatə edəcəkdir. Rəqəmsallaşdırma yataqların iqtisadi və ekoloji cəhətdən daha dayanıqlı və səmərəli idarəçiliyinə töhfə verəcək.Yuxarıda adıçəkilən işlərin icrası məqsədilə Azərbaycan İqtisadiyyat Nazirliyi, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq edilir”,- Z. İbrahimov əlavə edib.

O həmçinin bildirib ki, Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı ilə bağlı erməni və xarici şirkətlərin fəaliyyətinə hüquqi qiymətin verilməsi prosesinə başlanılıb:

“Azərbaycan zəngin ölkədir və ölkəmizdə Yerin təkində olan metalların ümumi dəyəri ilkin hesablamalara əsasən 150 mlrd. manatdan artıq təşkil edir”. 

Son xəbərlər

Orphus sistemi