"AzerGold" QSC “Ağyoxuş” yatağında hasilata hazırlıq işləri çərçivəsində “Mərəh” yatağı üzrə də inzibati ərazi, müvəqqəti tikililərin hazırlanması, eləcə də abadlıq işlərini yerinə yetirib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq şirkətdən bildirilib.
Məlumata görə, “Mərəh” yatağında istismarla bağlı işlərə cari ilin ortalarında start verilməsi planlaşdırılır. Yataqdan hasil ediləcək filizlərin "Çovdar" inteqrə olunmuş Regional Emal Sahəsinin maddi-texniki resurslarından istifadə edilməklə emal edilməsi planlaşdırılır. Beləliklə, miqyasına görə nisbətən kiçik hesab edilən, ayrılıqda iqtisadi səmərəsizlik riski daşıyan “Mərəh” qızıl yatağı əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismar olunacaq. Nəticədə sözügedən yatağın iqtisadi səmərəliliyi təmin ediləcək.
“Mərəh” yatağı ərazisində mövcud ehtiyatların və perspektiv resursların qiymətləndirilməsi məqsədi ilə 2019-2020-ci il ərzində buruq-qazma işləri icra edilib. Buruq-qazma işləri nəticəsində götürülmüş nümunələr Avstraliyanın beynəlxalq nüfuzlu “ALS Global” laboratoriya şirkətinin Türkiyə nümayəndəliyində analiz edilib. Yerin təkində olan ehtiyatları beynəlxalq məsləhətçi şirkət qiymətləndirib. Geoloji işlərlə yanaşı, yataq üzrə kompleks çöl və tədqiqat işləri aparılıb, sözügedən yataq üzrə filizlərin emalı üçün optimal metallurji texnoloji emal sxemi müəyyən edilib. Bununla yanaşı, yataq üzrə ekoloji monitorinq işləri aparılıb və müvafiq hesabatlar əldə olunub. Yatağın açıq karxana üsulu ilə istismarı üçün konseptual sxem hazırlanıb.
Xatırladaq ki, “Mərəh” qızıl yatağını “AzerGold”un geoloqları 2018-ci ildə Göygöl və Daşkəsən rayonlarının sərhəddində aşkar edib. Yataq “Çovdar” sahəsinin şimal-şərqində yerləşir.