Bakı. 6 fevral. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen (YSPE) qurğusu bu il 20-24 min ton məhsul istehsal edəcək.
"Report" xəbər verir ki, bunu "Sənayedə yerli xammala əsaslanmaqla idxalı əvəz edən istehsalın genişlənməsi" mövzusunda keçirilən tədbirdə "SOCAR Polymer" MMC-nin planlama şöbəsinin müdiri Vüqar Aslanov bildirib.
Onun sözlərinə görə, gələn il isə müəssisə tam gücündə fəaliyyət göstərəcək və ildə 120 min ton məhsul istehsal edəcək: “Yüksək sıxlıqlı polietilen qurğusu üzrə işlərin ümumilikdə 87,7%-i icra olunub. Hazırda detallı mühəndislik işləri, satınalma 99,7%, istehsal və çatdırılma 97,8%, tikinti 70,3% tamamlanıb”.
“SOCAR Polymer”in rəsmisi qurğunun bu ilin III rübündə, sentyabr ayında işə düşəcəyini bildirib.
V.Aslanov qeyd edib ki, "Azərikimya"nın Etilen-Polietilen Zavodunda planlı dayanma işlərinin həyata keçirilməsi ilə əlaqədar oktyabr ayından noyabrın 15-dək YSPE zavodunda da planlı dayanma olacaq.