Bu il Azərbaycanda avtomobil istehsalı 40 %-ə yaxın artıb
- 14 sentyabr, 2023
- 14:47
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 942 ədəd minik avtomobili istehsal olunub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 553 ədəd və yaxud 39,8 % çoxdur. Bu il sentyabrın 1-nə ölkədə 454 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə ölkədə 458,9 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Məlumata görə, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 14,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 17,7 % azalıb.
2023-cü ilin 8 ayında Azərbaycanda 499 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23,5 % çoxdur. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 12 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin ilk 8 ayında 271 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 48,9 % çoxdur. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 15 ədəd hazır məhsul ehtiyatı yaranıb.