Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə 2020-ci ilin yekunları ilə bağlı hasilat nəticələrini açıqlayıb.
“Report”un şirkətin açıqladığı hesabata əsasən verdiyi məlumata görə, 2020-ci il ərzində şirkət tərəfindən 56 864 unsiya qızıl hasil edilib. Bu, 2019-cu ilin yekunlarının göstəriciləri ilə müqayisədə 13 234 unsiya və ya 18,9 % azdır.
Ötən il Britaniya şirkəti 2 591 ton mis istehsal edib. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 381 ton və ya 17,2 % çoxdur.
2020-ci il ərzində "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 122 962 unsiya təşkil edib. Bu isə 2019-cu ilin nəticələri ilə müqayisədə 36 394 unsiya və ya 22,8 % azdır.
Məlumatda qeyd edilir ki, 2020-ci il ərzində şirkət tərəfindən Azərbaycanda 67 249 unsiya qızıl ekvivalenti istehsal edilib.
Həmçinin bildirilir ki, “Gədəbəy” yatağının lisenziyası daha beş il uzadılıb. “Gədəbəy” müqavilə ərazisi üzrə ilk iki beş illik icazəsi verilmiş uzadılma bu ilin aprel ayında həyata keçirildi.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.