Böyük Britaniya şirkəti “Gilar” mədənində mis hasilatını artırmağa başlayır

Sənaye
  • 26 fevral, 2025
  • 15:40
Böyük Britaniya şirkəti “Gilar” mədənində mis hasilatını artırmağa başlayır

Böyük Britaniyanın “Anglo Asian Mining PLC” (AAM) şirkəti “Gilar” mədənində mis hasilatını artırmağa hazırlaşır.

“Report” AAM-yə istinadən xəbər verir ki, 2025-ci il şirkət üçün strateji əhəmiyyət daşıyan il olacaq. Yeni “Gilar” mədəninin istismara verilməsi ilə mis hasilatı artacaq və şirkət 2025-ci ildə tarixinə ən yüksək mis istehsalı göstəricisini əldə etməyi planlaşdırır.

Məlumatda qeyd olunur ki, bu proqnoz əvvəlki iki ildə qismən hasilatın dayandırılması səbəbindən məhdud olan istehsalla müqayisədə tam istehsal dövrünü əhatə edir.

Şirkət bildirib ki, “Gilar” mədənində hasilatın başlanması ilə 2025-ci ildə istehsal profili əhəmiyyətli dərəcədə dəyişəcək və misin ümumi hasilatda payı artacaq.

Yeni “Gilar” yeraltı mədənində hasilatın 2025-ci ilin birinci rübündə başlanması planlaşdırılır. İl ərzində təxminən 400 min ton filiz hasil ediləcəyi və hər ton filizin tərkibində orta hesabla 1,8 % mis və 1,47 qram qızıl olacağı gözlənilir.

Qeyd edək ki, hazırda “Anglo Asian Mining” şirkəti 2 yataqda hasilat aparır. “Gədəbəy” yatağında ilk qızıl hasilatı 2009-cu ildə, gümüş hasilatı isə 2010-cu ildə başlanıb. “Qoşa” yatağı 2013-cü ilin sentyabrından işlənilir. Bu il ərzində “Vejnəli” və “Gilar” yataqlarında hasilatın başlanması planlaşdırılır.

Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.