Bakıda 9 ayda 56 milyard manatlıq sənaye məhsulu istehsal olunub
- 10 noyabr, 2022
- 05:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 56,1 milyard manat təşkil edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, sənaye məhsulunun 85,6 %-i mədənçıxarma, 12,5 %-i emal, 1,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 90,8 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 96,5 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 3,5 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2022-ci il vəziyyətinə 476,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 63,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Xatırladaq ki, bu ilin 9 ayında ölkədə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 64,1 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 % az sənaye məhsulu istehsal edilib.