Milli dağ-mədən sənayesinin inkişafına davamlı töhfə verməyi qarşıya məqsəd qoyan “AzerGold” QSC Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ölkə ərazisində mövcud olan filiz, qeyri-filiz yataq və təzahürləri üzrə geoloji kəşfiyyat proqramının icrasına dəstək göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə icra olunan proqram 15409 km2 ərazini əhatə edir. “AzerGold” QSC-nin tədqiqat sahəsi isə 6080 km2-dir:
- Gəncə-Daşkəsən iqtisadi rayonunun cənub-qərb hissəsi;
- Şərqi Zəngəzur iqtisadi rayonunun şimal hissəsi;
- Naxçıvan Muxtar Respublikasının şimal-qərb hissəsi.
Proqram ən müasir yanaşmalar – hiperspektral və aeroelektromaqnetik tədqiqatlar vasitəsilə icra olunur. Bu tədqiqat üsulları perspektivli sahələrin qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi, daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar üzrə aparılmasına imkan verir. Proqramın 2026-cı ilin sonunadək ilkin texniki-iqtisadi hesablamaların aparılması, yekunlaşdırılması nəzərdə tutulub. Tədqiqatların yekunu olaraq toplanmış geoloji məlumatlar yeni mədən layihələrinə yerli və xarici investorların cəlb edilməsinə imkan verəcək.