Azərbaycanın tekstil məhsulları brendləşdirələrək ixrac ediləcək
- 11 yanvar, 2022
- 08:30
Hazırda tekstil sənayesi üzrə məhsulların brendləşdirilərək ixracının təşkili üzərində çalışırıq.
Bunu “Report”a “Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə Babayeva deyib.
O bildirib ki, təqribən bir il ərzində tekstil sənayesi üzrə məhsulların ixracı ilə bağlı təklifləri hazırlayıb, dövlətə verməliyik: “Hazırda 140 adda məhsul üzərində çalışırıq. Həmin məhsullar alt və üst geyimlər olacaq. Bu daxili bazarda tanınan məhsulların ixracı planlaşdırılır. Bu brendləri xarici bazarlarda tanıtmaq üçün həm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış ticarət evlərində, Azərbaycanda İxracın və İnvetstisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təşkil edilən sərgilərdə, həmçinin Türkiyədə yerləşən müəssisələrimiz vasitəsilə satışının həyata keçirilməsini planlaşdırırıq. Brendlərimizi ilk olaraq Türkiyəyə və Türkiyə üzərindən digər dövlətlərə satıb-tanıtmağı düşünürük, bu il üçün əsas hədəfimiz budur”.
S.Babayeva Azərbaycanın tekstil məhsullarının ixracının qarşısında duran əsas problemləri açıqlayıb: “Tekstil sənayesində bizə lazim olan əsas məsələ beynəlxalq standartların tətbiqidir, Avropanın, ABŞ-ın tekstil sənayesi üzrə standartları var, biz o standartları hələ ki, tətbiq edə bilmirik. Bununla yanaşı, Avropa ilə güzəştli ticarət əlaqələrimiz yoxdur. Həmçinin, Türkiyə Avropaya daha ucuz məhsul göndərir. Biz yüksək keyfiyyətə malik məhsul istehsal edirik, lakin həmin məhsulu öz bazarımızda sata bilirik. Digər bazarlara bunu həyata keçirə bilmirik. Çünki Türkiyə Rusiyaya, Gürcüstana, Avropaya daha ucuz məhsul göndərir. Buna görə də Avropa ölkələri ilə bu istiqamətdə danışıqlar apara bilmirik. Həmçinin, tekstil sənayesi üzrə emal müəssisələrimiz də buna hazır deyil”.
O vurğulayıb ki, Gürcüstan artıq ABŞ-a çoxlu sayda tekstil satır, bu layihə pilot olaraq həyata keçirilən müəssisələrdən başlayıb: “Dövlət həmin müəssisələr üçün müxtəlif növ güzəştlər tətbiq edir, həmçinin bəzi vergilərdən azad edir. Bizdə də bu cür güzəştlərin tətbiqinin vaxtı çatıb. Məsələn, gecə növbəsi zamanı işləyən müəssisələr üçün güzəştli elektrik enerjisi tarifinin olması, bizi qiymət rəqabətində önə çıxara bilər. Hazırda biz istehsal etdiyimiz məhsullarla qiymət bazarında Rusiya, Gürcüstan, Özbəkistana uduzuruq”.
Xatırladaq ki, qlobal tekstil sənayesi təxminən 920 milyard ABŞ dolları həcmindədir və 2024-cü ilə qədər təxminən 1 trilyon 230 milyard ABŞ dollarına çatacağı güman edilir. Çin həm xam toxuculuq, həm də tikiş məmulatları üzrə dünyanın aparıcı istehsalçısı və ixracatçısıdır, Çindən sonra tekstil sənayesində bazarda Avropa İttifaqı ölkələri, daha sonra Hindistan, ABŞ, Türkiyə, Cənubi Koreya, Viyetnam, Tayvan, Pakistan yer alıb.
Qeyd edək ki, Azərbaycanda toxuculuq və geyim sahəsi üzrə ümumi dəyər 2020-ci ildə 2019-cu illə müqayisədə 5,9 % azalaraq 391,1 milyon manat təşkil edib. 2020-ci ildə toxuculuq və geyim sahəsi üzrə ümumi dəyər 416 milyon manat təşkil edib.
Türkiyə 2020-ci ildə Azərbaycana toxuculuq və geyim sahəsi üzrə ümumi dəyəri 156,27 milyon manat dəyərində, Çin 119, 38 milyon manat dəyərində, İtaliya 15,15 milyon manat dəyərində, İran 19,09 milyon manat dəyərində, Banqladeş 6,60 milyon manat dəyərində, Hindistan 3,20 milyon manat dəyərində məhsul ixrac edib.
Azərbaycan 2020-ci ildə Rusiyaya 21, 10 milyon manat dəyərində, Türkiyəyə 136, 83 milyon manat dəyərində, Ukraynaya 3, 24 milyon manat dəyərində, Qazaxıstana 2,63 milyon manat dəyərində, Gürcüstana 3,19 milyon manat dəyərində məhsul ixrac edib.