Azərbaycandakı sənaye zonalarında indiyə qədər dəyəri 8,8 milyard manatdan çox olan məhsul istehsal edilib, bunun 2,9 milyard manatlıq hissəsi ixrac olunub.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ümumi istehsalın 2,9 milyard manatlıq, ümumi ixracın isə 1,1 milyard manatlıq hissəsi 2022-ci ilin payına düşüb. Bunlar isə 2021-ci illə müqayisədə müvafiq olaraq 22,7 % və 13 % çoxdur.
Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7 %, ixracında xüsusi çəkisi isə 29,5 % təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar 50-dən çox ölkəyə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac olunub.