Yuxarı

​Azərbaycanda Karbamid Zavodu 2018-ci ilin əvvəlində işə salınacaq

Layihənin icrası üçün dövlət təminatlı kreditin alınması üçün danışıqlar aparılır

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanın Sumqayıt şəhərində inşa olunan Karbamid Zavodunun tikintisi 2017-ci ilin sonu-2018-ci ilin əvvəlində başa çatdırılacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev qeyd edib ki, layihənin maliyyələşdirilməsi üçün Koreya "Eximbank"ından kredit (6 aya 150 mln. avro) cəlb edilib: "Bu layihəyə dövlət təminatlı kreditin də alınması üçün danışıqlar aparılır. Bu danışıqların ilin axırında başa çatdırılması gözlənilir. Layihə planla həyata keçirilir və zavod 2017-ci ilin sonu-2018-ci ilin əvvəlində işə salınacaq".

Qeyd edək ki, Karbamid Zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədlə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək. Layihənin dəyəri (vergilər nəzərə alınmadan) 500 mln. avro təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi