Yuxarı

​Azərbaycanda iri şüşə istehsalı zavodu inşa olunacaq

Müəssisədə Float texnologiyası əsasında şüşə lövhələrinin istehsalı planlaşdırılır

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın "AzerFloat" QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da, sənaye parkının rezidentlərinin sayı 3-ə çatıb.

İqtisadi İnkişaf Nazirliyindən "Report"a bildirilib ki, "AzerFloat" sənaye parkının ərazisində "Float" texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrinin istehsalı ilə məşğul olacaq. Layihə çərçivəsində 150 nəfərin çalışacağı və ildə 8 mln. kv. metr müxtəlif çeşiddə şüşə lövhələr istehsal edəcək Vərəqə Şüşə İstehsalı Zavodunun inşası nəzərdə tutulur. Burada istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal hesabına ödənilir.

Yeni yaradılan müəssisənin layihələndirilməsi, onun bu sahəyə aid olan müasir avadanlıq və qabaqcıl texnologiyalarla təchiz edilməsi dünyada şüşəəritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" (Almaniya) şirkəti tərəfindən təmin ediləcək.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak, torpaq vergiləri və idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən azad olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi