Azərbaycanda bu il sənaye istehsalı 1% artıb

Azərbaycanda bu il sənaye istehsalı 1% artıb Bu ilin yanvar ayında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13% artıb
Sənaye
17 Fevral , 2017 17:18
Azərbaycanda bu il sənaye istehsalı 1% artıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2017-ci ilin yanvar ayında 3,5 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% çox sənaye məhsulu istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, sənaye məhsulunun 72,3%-i mədənçıxarma sektorunda, 22,3%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Rəsmi statistikaya əsasən, mədənçıxarma sektorunda neft hasilatı 4,2% azalıb, əmtəəlik qaz hasilatı isə 8,3% artıb. Emal sektorunda içkilərin istehsalı 32,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 3 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 65,2%, kağız və karton istehsalı 17,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,4 dəfə, tikinti materiallarının istehsalı 2,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 35,2%, hazır metal məmulatlarının istehsalı 27,3%, kompüter və elektron məhsulların istehsalı 3,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 4,6 dəfə, digər nəqliyyat vasitələrinin istehsalı 23,6%, mebel istehsalı 81,5% artıb. 

Qida məhsullarının istehsalı 3,5%, tütün məmulatlarının istehsalı 43,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,7%, poliqrafiya məhsullarının istehsalı 67,4%, neft məhsullarının istehsalı 10,2%, kimya sənayesi məhsullarının istehsalı 6,7%, maşın və avadanlıqların istehsalı 55,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,4% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,8% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5% azalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13% artıb, neft sektorunda isə 1% azalıb.

İstehsal edilən sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 75,5% artaraq, 1 fevral 2017-ci il vəziyyətinə 565 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi