​Azərbaycan və Koreya gömrük xidmətləri arasında əlaqələrin gələcək perspektivləri müzakirə edilib

​Azərbaycan və Koreya gömrük xidmətləri arasında əlaqələrin gələcək perspektivləri müzakirə edilib Səfər Mehdiyev Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb
Sənaye
12 Fevral , 2016 18:56
​Azərbaycan və Koreya gömrük xidmətləri arasında əlaqələrin gələcək perspektivləri müzakirə edilib

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

DGK sədrinin birinci müaviniSəfər Mehdiyev Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açmış,əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu və bu imkandan maksimum yararlanmağın vacibliyini vurğulayıb.

S.Mehdiyev istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, xüsusilə, qanunvericilik bazasının möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Koreya Respublikası Gömrük Xidmətinin dünyada özünü təsdiq etmiş bir qurum olduğunu məmnunluqla qeyd edən DGK sədrinin birinci müavini S.Mehdiyev Azərbaycan tərəfinin koreyalı həmkarları ilə birgə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, eləcə də informasiya texnologiyalarının tətbiqi və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Səfir Kim Çanq-gyuKoreya hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirib, iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Koreya gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Qonaq qeyd edib ki, ölkələr arasında əməkdaşlığın, o cümlədən iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır.

Səfir Kim Çanq-gyu Azərbaycan Gömrük Xidmətilə əməkdaşlıqdan razılığını və qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edərək, həmçinin ümidvar olduğunu bildirib ki, gələcəkdə Azərbaycan və Koreya arasında gömrük işinə dair imzalanması nəzərdə tutulan müvafiq sənəd əməkdaşlığın genişlənməsinə stimul verəcək, tərəflərin inteqrasiyasını sürətləndirəcək.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi