İlk xəbər saat 11:45-də verilib
Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Sumqayıt şəhərində müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb.
“Report” xəbər verir ki, saziş “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda keçirilən tədbir çərçivəsində imzalanıb.
Sumqayıtda yeni metallurgiya kompleksinin inşasına dair saziş Azərbaycanın "Baku Steel Company" və İtaliyanın "Danieli" şirkətləri arasında imzalanıb.
***
Tədbirdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Sumqayıt şəhərində inşa ediləcək metallurgiya kompleksinin dəyəri 1,225 mlrd. avrodur.
Nazir qeyd edib ki, bu kompleksin nəzdində 5 zavod inşa olunacaq: "Metalurgiya kompleksi İtalyanın "Danieli" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində inşa edilir. Kompleks 3 ilə özəl investisiyaların cəlbi ilə tikiləcək. Yəni, kompleks dövlət zəmanəti hesabına inşa edilməyəcək. Burada inşa edilən zavodlarda polad tökümündən tutmuş polad təbəqəsinin hazırlanmasına kimi metalurgiya məhsulları hazırlanacaq. Eyni zamanda, ölkədə muasir metallurgiya kompleksinin inşası və fəaliyyəti nəticəsində Azərbaycan özünü sənaye məhsulları ilə tam təmin edəcək. Polad istehsalı nəticəsində Azərbaycan ildə 500 mln. dollara qənaət etmiş olacaq. Burada istehsal olunan məhsulların yarıdan çoxu ixracyönümlü olacaq. Eyni zamanda, Sumqayıtda yerləşən peşə tədris məktəbi yüksək ixtisaslı kadrların hazırlanması işinə cəlb olunacaq".
Ş.Mustafayev vurğulayıb ki, kompleksin tikintisi dövründə 4 000-ə, tikinti dövründən sonra isə 1 200-ə yaxın insan işlə təmin ediləcək: "Ümumilikdə isə digər zavodlar da bu işə cəlb olunduqdan sonra 6 mindən çox iş yeri açılacaq".