Azərbaycan minik avtomobillərinin istehsalını 72 %-ə yaxın artırıb

Sənaye
  • 16 oktyabr, 2024
  • 12:29
Azərbaycan minik avtomobillərinin istehsalını 72 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 623 ədəd minik avtomobili istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,7 % çoxdur.

Nəticədə, bu il oktyabrın 1-nə ölkədə 590 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 9 ayında Azərbaycanda 562,3 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin 9 ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 % artıb, maşın və avadanlıqların istehsalı 40,1 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 % azalıb.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 394 ədəd və ya 2023-ci ilin müvafiq ayları ilə müqayisədə 0,8 % çox yük avtomobili istehsal olunub. Bu il oktyabrın 1-nə ölkədə 47 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən 9 ay ərzində Azərbaycanda 461 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 14,8 % azdır. Nəticədə, bu il oktyabrın 1-nə ölkədə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.