Azərbaycan "EXPO 2025" beynəlxalq tədbirinin ölkədə keçirilməsi üçün Əfqanıstandan kömək istəyib

Azərbaycan "EXPO 2025" beynəlxalq tədbirinin ölkədə keçirilməsi üçün Əfqanıstandan kömək istəyib Bakı. 7 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 
Sənaye
7 Noyabr , 2017 17:07
Azərbaycan EXPO 2025 beynəlxalq tədbirinin ölkədə keçirilməsi üçün Əfqanıstandan kömək istəyib

Bakı. 7 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə "Azəravtoyol", "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-lərin, Azərbaycanın ixrac assosiasiyaları rəhbərlərinin, 25 iri yerli şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə nazir Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Azərbaycanın Əfqanıstanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edən Ş.Mustafayev beynəlxalq platformada Əfqanıstanın Azərbaycanı dəstəklədiyini vurğulayıb. 

“Hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycan humanitar, hərbi təhsil və tibbi təlimlər, minalardan təmizləmə, mülki treninqlər sahələrində Əfqanıstana dəstək göstərir. Ölkələrimiz ticarət, investisiya, İKT, xidmət və s. kimi iqtisadi sahələrdə də əməkdaşlıq edir. Cari ilin fevralında Kabilə ixrac missiyası təşkil edilib və missiya çərçivəsində bir sıra Azərbaycan məhsullarının ixracına dair razılıqlar əldə olunub”, - deyə o qeyd edib. 

Görüşdə bildirilib ki, Azərbaycan noyabrın 14-15-də Aşqabadda (Türkmənistan) keçiriləcək Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) iştirak edəcək. İqtisadi əlaqələrin genişləndirilməsi baxımdan müxtəlif sahələr üzrə hüquqi bazanın yaradılmasının əhəmiyyətini vurğulayan nazir hazırda hər iki ölkə arasında müzakirə edilən bir sıra sənədlər, o cümlədən İqtisadi və Ticarət Əməkdaşlığı haqqında Sazişə dair fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycan məhsullarının Əfqanıstana ixracı, Azərbaycanın tranzit potensialından istifadə, tikinti sahəsində əməkdaşlıq üçün imkanlar genişdir: "Bu ilin 9 ayında Azərbaycandan keçməklə Avropadan Əfqanıstana hərəkət edən TIR-ların sayı 5 dəfəyə yaxın artıb". 

Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini xatırladan nazir Şahin Mustafayev bu mühüm əhəmiyyətli dəmir yolu xəttinin Əfqanıstan daşımaları üçün böyük imkanlar yaratdığını vurğulayıb: "Bundan başqa, Əfqanıstanda yerləşən NATO qüvvələrinin tələbatını ödəmək məqsədilə Azərbaycan şirkətləri onları qida və geyimlə təchiz edə və ya bu sahədə birgə müəssisələr yaradıla bilər”. 

Azərbaycanlı nazir Bakının da namizəd şəhərlər sırasında olduğu "EXPO 2025" beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinə Əfqanıstanın dəstək olmasını xahiş edib.

E.Ə.Hakimi isə ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib, Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini vurğulayıb. O qeyd edib ki, müxtəlif sahələrdə, eləcə də iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün hüquqi sənədlərin və müvafiq yol xəritələrinin hazırlanması vacibdir.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti, istehsal etdikləri məhsullar və göstərdikləri xidmətlər barədə məlumat verib, Əfqanıstana ixrac imkanlarını diqqətə çatdırıblar.

Son xəbərlər

Orphus sistemi